General pensiyaya görə nazirliyi məhkəməyə verdi

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin sabiq rəisi, üçüncü dərəcəli ədliyyə müşaviri (general-mayor) Nazir Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib.
Lent.az xəbər verir ki, buna səbəb sabiq rəisin pensiyasının az hesablanmasıdır.
Belə ki, pensiyasının az hesablanmasından şikayət edən N. Bayramov ƏƏSMN barədə Bakı İnzibati Məhkəməsinə iddia qaldırıb. O, iddiasında prokurorluq orqanlarında qulluq keçmə haqqında qanunları əsas gətirərək pensiyasının düzgün hesablanmasını və artırılmasını tələb edib.
İyunun 28-də həmin məhkəmədə generalın iddiası qismən təmin edilib.
Lakin ƏƏSMN bu qərarla razılaşmayıb. Nazirlik buna görə də, avqustun 26-da həmin qərardan apellyasiya şikayəti verib.
Hazırda iş Bakı Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, general-mayor Nazir Bayramov 2021-ci ilədək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində çalışıb.