Qızıl bahalaşmaqda davam edir. Bu qiymətli metalın qiyməti çərşənbə günü, oktyabrın 30-da bir unsiya üçün 2800 dollar həddini keçib və yeni rekord vurub.
AZƏRTAC “Comex” birjasına istinadla xəbər verir ki, Avstraliyanın “Commonwealth Bank”ının (AMB) analitiki Vivek Dharın sözlərinə görə, qızılın qiymətinin artması ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik fonunda ən etibarlı aktivlərə tələbin ümumi artımı ilə bağlıdır.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, qızılın dünya bazarında baha olmasının başlıca səbəblərindən biri dünyadakı artan infliyasiya göstəriciləridir:
“Digər bir tərəfdən ABŞ və Mərkəzi Avropa banklarının faiz dərəcələrinin yüksək tutması, nəticə etibarı ilə qızılın qiymətinin yüksəlməsinə gətirib çıxarır. Eyni zamanda infliyasiya risklərinin hər gün artması investorların qızılı daha çox sığınacaq olaraq görməsinə səbəb olur və qızıl alışları artır. Nəticə etibarı ilə də bu qiymətlərin çoxalmasına gətirib çıxarır. Digər bir tərəfdən siyasi gərginliklər, həm yaxın Şərqdəki savaşlar, eyni zamanda Avropanın əsas iqtisadi göstəricilərindəki azalma və infliyasiyanın yüksəlməsi qızılın etibarlı yatırıma çevrilməsinə səbəb olur. Ancaq yaxın günlərdə prosses həm ABŞ -da olan seçkilərin nəticəsindən, həm də noyabr ayının 7 də FED -in verəcəyi qərardan asılı olacaq. Əgər FED faizləri yüksək tutarsa, qızıl ucuzlaşacaq, ancaq uçot dərəcəsini aşağı salacaqsa, o zaman qızılın qiyməti dəyişəcək. Bu baxımdan qızıl hər zaman olduğu kimi bu gün daha çox “güvənilən yatırım” statusunu qazanaraq bahalaşıb. Dünyanın bir çox ölkələrində böyük savaşların çıxma ehtimalları, və bununla bağlı müzakirələr əksər dövlətlərin qızıl alışlarını artırıb. Ancaq biz Amerikada Donald Trampın qalib gəlməsindən sonra verdiyi vədlərə əməl edəcəyi təqdirdə qızılın ucuzlaşacağını müşahidə edə bilərik. Tramp 24 saat ərzində Rusiya-Ukrayna savaşını və yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin dayandıracağını vəd edib. Bu vədlər olacaqsa, siyasi sabitlik yaranacaqsa, eyni zamanda Amerika böyük investisiya layihələrini həyata keçirməyə başlayacaqsa, nəticə etibarı ilə qızıldan çox daha aktiv gəlir gətirən sahələrə yatırımlar edilməyə başlayacaq. Bu isə qızılın qiymətinin düşməsi ilə nəticələnəcək. Azad və Loyal iqtisadi münasibətlər, liberal investisiyaların əhatə dairəsinin genişlənməsi, nəticə etibarı ilə qızılın cəlbediciliyini azaldacaq. Bununla da qızıla olan tələbatın aşağı düşəcəyi gözlənilir. Gözləntilər ciddi azalma kimi müşahidə edilməyəcək. Təxminən 1 unsiya 100 və yaxud da 200 dollar (0.7%) civarında olacaq. Qızıla olan tələbatın azalması, qiymətin isə aşağı düşməsi Azərbaycan bazarına da müəyyən mənada təsir göstərəcək. Qızılın 2900 dollardan 2500 dollara qədər olacağını yaxın gələcək üçün proqnozlaşdırmaq çətindir. Bu zamanla olan prosesdir. Ola bilsin ki, qızıl iki il ərzində ciddi dəyər itirsin. Ancaq yaxın aylar üçün qızıl ucuzlaşsa da bu özünü bazarda dərhal göstərməyəcək”.