Dünya liderləri Trampı belə təbrik edir

Dünya liderləri artıq Donald Trampı ABŞ-ın 47-ci prezidenti seçilməsi münasibətilə təbrik etməyə başlayıb.

Axar.az xəbər verir ki, Trampı ilk təbrik edənlərdən biri İsrail Baş naziri Benyamin Netanyahu olub.

Netanyahu Trampın qələbəsini “Ağ Evə möhtəşəm qayıdış” adlandırıb.

Fransa Prezidenti Emmanuel Makron Trampla bir yerdə işləməyə hazır olduğunu bildirib:

“Prezident Donald Trampı təbrik edirəm. Biz dörd il ərzində etdiyimiz kimi, birlikdə işləməyə hazırıq”.

Britaniya Baş naziri Keyr Starmer də Trampa təbrikində qarşıdakı illərdə birlikdə işləməyi səbirsizliklə gözlədiyini deyib.

“Prezident Trampın qlobal məsələlərə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirirəm. Məhz bu prinsip Ukraynada ədalətli sülhü praktiki olaraq yaxınlaşdıra bilər. Ümid edirəm ki, biz birlikdə bunu reallığa çevirəcəyik”, - Ukrayna Prezidenti Vladimir Zelenski təbrikində vurğulayıb.

Serbiya Prezidenti Aleksandr Vuçiç təbrikində ölkəsinin sabitlik, firavanlıq və sülh naminə ABŞ-la əməkdaşlığa sadiq olduğunu bəyan edib.

NATO Baş katibi Mark Rutte Trampa təbrikində əməkdaşlığa ümid etdiyini qeyd edib.

Hindistan Baş naziri Narendra Modi Trampı rəhbərliyində əməkdaşlığın bərpa olunmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

“Təbrik edirəm, cənab Prezident Donald Tramp! Siz bunu etdiniz!” - Polşa Prezidenti Andjey Dudanın təbriki belədir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampı qələbə münasibətilə təbrik edərək, güclü transatlantik gündəm üzərində birgə işləməyi təklif edib.

“Bizim ümumi məqsədimiz ABŞ administrasiyasındakı dəyişikliklərə baxmayaraq, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə qalmasını təmin etmək və biz onları vətəndaşlarımızın mənafeyi naminə inkişaf etdirməyə davam etməkdir”, - Çexiya Baş naziri Pyotr Fiala təbrikində bildirib.