İrəvan məcburdur: İlin sonuna kimi anlaşma mətni hazırlanacaq

Mümkündür ki, yanvar ayında sülh müqaviləsi Azərbaycan tərəfindən ratifikasiya olunsun

  Ermənistanın Baş naziri Nikol Paşinyan hakim partiyasının deputatları ilə qapalı görüş keçirib. Baş nazir Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağını bildirib. Paşinyanın deputatlarla görüşündə qarşıdakı dövrdə keçiriləcək yerli idarəetmə seçkiləri, partiyanın qurultayı və s. məsələlər müzakirə olunub. İclasın sonunda Nikol Paşinyan Azərbaycan Prezidenti ilə Brüsseldə keçirilən görüşün təfərrütları barədə ətraflı məlumat verib. Baş nazir bildirib ki, bu ilin axırınadək rəsmi Bakı ilə sülh müqaviləsi imzalanmalıdır.

Məlumat üçün bildirək ki, avqustun 31-də Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən növbəti Brüssel görüşündə sülh prosesi üçün işçi qrupların yaradılması razılaşdırılıb. 

  Siyasi elmlər doktoru Cümşüd Nuriyev "Şərq"ə deyib ki, dördüncü Brüssel görüşündən sonra rəsmi İrəvanın Azərbaycana münasibətində çox ciddi dəyişikliklər var. Professor xatırladıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sərt reaksiyasından sonra Qarabağa qanunsuz gəlişi ilə bağlı üzr istəyib: 

"Qriqoryan Xankəndinə siyasi məqsədlər üçün getmədiyini, atasının məzarını ziyarət etdiyini əsas gətirdi. Hər halda Qriqoryanın üzrxahlıq etməsi ciddi hadisədir. Bu, ilk növbədə rəsmi Bakının iradəsini və indiki real mənzərəni ortaya qoyur. Ermənistan ikinci "Qisas" əməliyyatının başlanmasını istəmir. Paşinyan hökuməti sülh sazişinin tez zamanda imzalanmasında maraqlıdır. Əslində Azərbaycan tərəfi də yekun müqavilənin ilin sonuna kimi imzalanmasını istəyir.

 Paşinyan yaxın günlərdə Moskvaya səfər edəcək. Azərbaycan öz iradəsini bütün tərəflərə qəbul etdirib. Ermənistan da bu iradəni qəbul etmək məcburiyyətindədir. Artıq erməni ekspertlər özləri də oyunu uduzduqlarını etiraf edirlər. Müqavilə ilə məşğul olacaq işçi qruplarının yaradılması istiqamətində iki tərəf də ciddi fəaliyyətə başlayıb.

 İşçi qrupu ortaq anlaşma mətni üzərində çalışacaq. Sonra tərəflər çərçivə sazişini hazırlayacaqlar. Müqavilənin bütün bəndləri razılaşdırılacaq və iki dildə səhifə-səhifə paraflanacaq. Hətta mümkündür ki, yanvar ayında sülh müqaviləsi Azərbaycan tərəfindən ratifikasiya olunsun".

  C.Nuriyevə görə, Paşinyanın mövqeyi ortadadır və məqsədi aydındır: 

"Amma gördüyünüz kimi Paşinyana qarşı addımlar atılır. İrəvanda istefa tələbi ilə aksiyalar keçirilir, eyni zamanda sərhəddə atəşkəs pozulur və s. Rusiyada hərbi elita arasında belə oyunlarda maraqlı olanlar var və bu, şübhəsizdir. Ancaq İrana da diqqət yönəltmək istəyirəm. 

Əfsuslar olsun ki, Tehran da Ermənistandakı müəyyən gücləri təhrik etməkdə, ara qarışdırmaqdadır. Molla rejimi hələ də başa düşmür ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün heç kimdən icazə almayacaq. Ermənistandakı radikalları, pozucu qüvvələri təhrik etmək ermənilərlə yanaşı onların təhrikçisinə də zərər verəcək".