Müşfiq Ələsgərli: "Təbii ki, bu strukturlarda da yenilənmə qaçılmazdır"
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib. Konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Azərbaycan Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Konfederasiyaya üzv təşkilatların rəhbərləri, həmçinin KİV nümayəndələri iştirak ediblər. AHİK-in sədri Səttar Möhbalıyev konfransda geniş məruzə ilə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən, qurumun fəaliyyətindən danışıb. Bildirib ki, Vətən müharibəsi dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi: “Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Qələbə cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi nəticəsi idi. Tarixi qələbə ilə Azərbaycan bir daha dünyanın inkişaf etmiş dövlətlərindən biri olduğunu təsdiqlədi”. S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında erməni vəhşiliyini, barbarlığını dünyaya nümayiş etdirdi: “Beynəlxalq ictimaiyyət bir daha şahidlik etdi ki, Ermənistan illərlə dünyaya yalan satıb. Amma düşmənin bu xisləti heç də Azərbaycanı ruhdan, həvəsdən salmadı. Prezidentin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı və azad edilən torpaqlarımızda quruculuq, yenidənqurma işlərinin başlanması ilə bağlı tapşırıq verildi. Heç bir maliyyə təşkilatından, beynəlxalq qurumdan, hansısa dövlətdən yardım almadan Azərbaycan öz imkanları hesabına bu işləri həyata keçirməyə başladı. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş quruculuq işləri davam edir. Prezidentin şəxsi nəzarətində olan bu işlər sürətlə aparılır”. S.Möhbalıyev Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində iştirakına diqqət çəkib: “Heydər Əliyev Fondu Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır. Mehriban xanım Əliyevanın müqəddəs işə rəhbərlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçirilir. Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir”. Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının Vətən müharibəsində və ondan sonrakı dövrdə gördüyü işlərdən, döyüşən əsgər və zabitlərə, qazi və şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəkdən bəhs edib: “AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 9 milyon 93 min 487 manat vəsait xərclənib. O cümlədən Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1 milyon 36 min 815 manat ianə edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikanın Həmkarlar İttifaqları Şurasına 250 000 manat köçürülüb. AHİK və üzv təşkilatları tərəfindən Qarabağ Dirçəliş Fonduna 1 milyon 217 min 650 manat vəsait köçürülüb, silahlı qüvvələrə və cəbhə bölgəsinə 2320 864 manat, “YAŞAT” Fonduna 667 668 manat ianə edilib. Şəhid və qazi ailələrinə 3 milyon 600 min 475 manatlıq birdəfəlik yardım göstərilib. 172 şəhidin 286 övladı himayəyə götürülüb. O cümlədən 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin 23 şəhidinin 41 azyaşlı övladının hər birinə 18 yaşına çatana qədər hər ay 150 manat ödənilməkdədir. Eyni zamanda Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə güzəştli şərtlərlə təmin olunurlar”. Sonra AHİK sədri vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolundan söz açıb. Vurğulayıb ki, demokratiyanın təzahürü kimi meydana çıxan həmkarlar ittifaqları insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən əsas təsisatlardandır: “Bu gün istər ölkəmizdə, istərsə də dünyada həmkarlar ittifaqlarının fəaliyyətinə nəzər saldıqda görünür ki, bu birlik ictimai zərurətdən yaranıb, vətəndaş cəmiyyətinin formalaşmasında, liberal dəyərlərin bərqərar olmasında, demokratiyanın inkişafında müstəsna əhəmiyyətə malikdir. Dünyada mövcud olan bütün həmkarlar ittifaqlarının proqramlarına, nizamnamələrinə, məramnamələrinə ümumi nəzər saldıqda görürük ki, bu birliklərin fəaliyyətinin mərkəzində insan faktoru dayanır. Onların sosial problemlərinin həllinə, iqtisadi maraqlarının təmin olunmasına, əmək sahəsində bütün qanuni hüquq və mənafelərin qorunmasına xidmət edir. Bu da insan hüquq və azadlıqlarının təminatı baxımından demokratiyanın prinsip və vəzifələrinə tam uyğun olmaqla vətəndaş cəmiyyətinin formalaşmasına və mütərəqqi istiqamətdə inkişafına mühüm töhfədir. Məhz buna görə də hər bir cəmiyyətdə vətəndaş cəmiyyətinin formalaşması üçün həmkarlar ittifaqlarının yaradılması zərurətə çevrilib”.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli "Şərq"ə deyib ki, həmkarlar ittifaqları yüz ildən artıqdır mövcuddur. Birlik rəhbərinin sözlərinə görə, həmkarlar ittifaqları əmək hüquqlarının formalaşması, qorunması baxımından çox böyük nailiyyətlərə imza atıb:
"Həmkarlar ittifaqları dünyada özünün say tərkibinə görə təqribən milyarda yaxın insanı birləşdirir. Konkret olaraq 600 milyondan çox üzvü birləşdirən ən böyük şəbəkədən söhbət gedir. Dünyada bu miqyasda ikinci böyük təşkilat yoxdur. Həmkarlar İttifaqı tarixən özünü təsdiqləmiş və mövcud sosial hüquqların qorunması, inkişaf etdirilməsi baxımından önəmli bir strukturdur. Həm nəzəri təkliflərin verilməsi və faktiki olaraq sosial hüquqların qorunması sahəsində mühüm mexanizmlərə malikdir. Həmkarlar İttifaqı yeganə təşkilatdır ki, səhiyyə və təhsil müəssisələrinə qədər daxil ola, strukturlaşa bilirlər. O səbəbdən həmkarlar ittifaqlarının yaşadılması və inkişaf etdirilməsi çox vacibdir".
Ekspert vurğulayıb ki, Azərbaycanda da həmkarlar ittifaqları kifayət qədər inkişaf yolu keçib: "Həmkarlar ittifaqlarının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərkibində olması onların öz güclərini birləşdirərək daha effektli fəaliyyətinə imkan yaradır. Məsələ ondadır ki, həmkarlar ittifaqları da digər sahələr kimi inkişaf mərhələsindədir. Ara-sıra ortalığa çıxan tənqidlər də bununla bağlıdır. Həmkarlar ittifaqları da öz fəaliyyətlərində modernləşmə etməli, daha geniş sferaya təsir etmək üçün çalışmalıdırlar. Ümumi fəaliyyət qaneedicidir, amma dünya inkişaf edir, sistemlər dəyişir, modellər inkişaf edir. Təbii ki, bu strukturlarda da yenilənmə qaçılmazdır. Diqqətçəkən və təqdir olunası hal odur ki, Prezident Administrasiyasının rəsmisi Vüsal Quliyev belə konfranslarda iştirak edir, müzakirələrə qatılır və öz təkliflərini dilə gətirir. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin həmkarlar ittifaqlarının inkişafında marağı, istəyi böyükdür. Həmkarlar ittifaqlarına diqqət həm də insanların əmək hüquqlarına olan diqqət deməkdir. Hesab edirik ki, Şuşadakı konfrans, həmkarlar ittifaqları sahəsində müzakirələrin aparılması, innovativ yenilənmələr üçün təkliflərin səslənməsi yönündə stimul rolunu oynayacaq".