5 nəfər erməni terrorçu qaytarıldı! - BakıBrüssel görüşündəki razılaşmanın icrası addımını atdı

Azərbaycan praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü”

  Azərbaycan daha beş erməni hərbçisini qarşı tərəfə təhvil verib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutub. Qeyd olunub ki, bununla bağlı razılaşma Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən dördüncü Brüssel görüşündə əldə edilib. Görüşdə əldə olunmuş ikitərəfli anlaşmaya əsasən, 5 nəfər Ermənistan hərbçisi əsirlikdən azad edilərək sərhəddə ermənilərə verilib. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, Bakı bununla Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atdı:

 "İrəvan razılaşmanın humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda məlumat verməlidir. Yaxud sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı addım atmalıdır. Bəs Ermənistan bunları edəcəkmi? Təcrübə müsbət cavab gözləntisini azaldır. Hərçənd, Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü”. Bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi. Paşinyan Moskva üzərindən Brüsselə qarşı manevrlər etdiyi vaxt dövlət başçısı İlham Əliyev Şarl Mişelin bir addım önə çıxmasına şərait yaratdı. Bununla  ruslara da “alternativ masada praktiki irəliləyişlər mümkündür” mesajını vermiş olduq. Bu, Putinin Paşinyanla görüşündən sonra erməni maraqlarının önə çıxması riskinə qarşı gediş hesab edilə bilər".