Hafiz Əhmədov: "Mən bu müsahibələri Tovuzda ucqar dağ kəndində yaşayaraq hazırlamışam"
"Yeganə və ən dəyərli qazancım bu şəxsiyyətlərin ruhu qarşısında öz insanlıq borcumu yerinə yetirməyim olub"
Araşdırmaçı-jurnalist, "HafizTimes.com" saytının təsisçisi Hafiz Əhmədovun yeni kitabı çapdan çıxıb. Müəllifin "Varislərlə müsahibələr" kitabının birinci hissəsi "Çapar" yayımlar evində işıq üzü görüb. Kitab Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərinin, görkəmli şəxslərin, Cümhuriyyət qurucularının varisləriylə müsahibələrdən ibarətdir. Kitabda varislərlə eksklüziv müsahibələr fotolarla birlikdə yer alıb. Sentyabrın 11-də kitabın təqdimat mərasimi keçirilib.
Kitabla bağlı "Şərq"ə danışan jurnalist Hafiz Əhmədov bildirib ki, aylar öncə "Çapar" yayınlarının rəhbəri Yusif İlhamoğlu ona zəng edərək varislərlə müsahibələri kitab formasında yayımlamaq istədiklərini deyib. Araşdırmaçı ürəyincə olan təklifi məmnuniyyətlə qəbul edib:
"Azərbaycan tarixində önəmli yer tutan ən görkəmli şəxsiyyətlərin dünyanın müxtəlif ölkələrində yaşayan ailə üzvləri, varisləri ilə olan 50-dən çox eksklüziv, tarixi müsahibələrimi, fotolarla birlikdə "Çapar" yayımlarına təqdim etdim. Nəhayət, ötən gün "Varislərlə müsahibələr" kitabının birinci hissəsinin təqdimatı oldu. Bu kitabda 14 tarixi müsahibə, fotolarla birlikdə yayımlanıb. Düşünürəm ki, bu təkcə mənim üçün yox, bütün Azərbaycan, kitab sevənlər üçün çox önəmli hadisədir.
Çünki kitabdakı müsahibələrdəki şəxslər, onların fikirləri, təqdim etdikləri fotolar indiyə qədər heç bir kitabda yayımlanmayıb. Hər bir müsahibədə illərlə gizli qalmış, heç kimin bilmədiyi məqamlardan bəhs olunub. Azərbaycanın ən görkəmli şəxsiyyətlərinin Amerika, Yaponiya, Avropa ölkələrində, Kanadada, Türkiyədə yaşayan varislərinin ilk dəfə etdikləri etirafları kitabdan oxumaq mümkündür. Kitabın təqdimat mərasimində iştirak edən çox dəyərli qonaqların, kitabsevərlərin "Varislərlə müsahibələr"ə xüsusi diqqət göstərmələri məni hədsiz dərəcədə sevindirdi, qürur duydum. Çünki müsahibələrdə Fətəli xan Xoyski, Əhməd bəy Ağaoğlu, Mirzə Fətəli Axundzadə, Behbud xan Cavanşir, Nəsib bəy Yusifbəyli kimi və başqa böyük şəxsiyyətlərin qanını damarlarında daşıyan varisləri öz fikirlərini bölüşüblər. Kitabda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı da maraqlı müsahibə çap olunub".
Hafiz Əhmədov qeyd edib ki, o, tarixçi deyil, jurnalistdir:
"Həsən bəy Zərdabinin 180 illik yubileyinə həsr olunmuş "Əkinçi"dən "Çapar"a adlı tədbirdə tarixçi Ədalət Tahirzadə və digər hörmətli şəxslərin adımı çəkmələri, "Varislərlə müsahibələr" kitabının əhəmiyyətini xüsusilə qeyd etmələri mənim üçün qürurverici idi. İstirahət günü öz dəyərli zamanlarından ayırıb təqdimat mərasiminə gələn, ümumilikdə "Varislərlə müsahibələr" kitabına xüsusi diqqət göstərən insanlara öz adımdan, həmin görkəmli şəxsiyyətlərin varisləri adından təşəkkür edirəm. Mən bu müsahibələri Tovuzda ucqar dağ kəndində yaşayaraq hazırlamışam.
Yeganə və ən dəyərli qazancım bu şəxsiyyətlərin ruhu qarşısında öz insanlıq borcumu yerinə yetirməyim olub. Düşünürəm ki, Azərbaycan qarşısında ikinci ən böyük missiyam da uğurla tamamlandı. Birinci missiyam Vətən müharibəsində könüllü iştirak etməyim idi.
"Çapar" yayımlarının rəhbərliyinin bildirdiyinə görə, kitab hissə-hissə yayımlanacaq. Yaradıcılığımı hər zaman diqqətdə saxlayan "Şərq" qəzetinə də xüsusi təşəkkür edirəm".