"Səbuhi Əhmədovun şəhidliyi uşaq bağçalarında körpələrə əl qaldıran, sığınacaqlara sığınmış məzlum balalara zülm edənlərə ən layiqli cavab, nümunə götürməli olduqları həyat dərsidir"
Xalq şəhid övladları arasında heç vaxt ayrı-seçkilik etmədi. Şəhidlər hər zaman baş tacımızdır. Amma 12 sentyabrda şəhid olanlardan biri hər kəsin ürəyini yaman göynətdi. SOS uşaq sığınacağı kəndində böyümüş, 2 yaşı olarkən ata-anasını itirmiş, indi isə Vətənin qəhrəman-şəhid övladı kimi dəfn edilən Səbuhi Əhmədov! Ondan daha çox danışılır, çünki onun Anası, Atası, birbaşa Vətənin özüdür. Vətənin minlərlə, milyonlarla insanı onun şəhidliyinə “mübarəkdir”, deyir.
Səbuhi uşaq sığınacağında qardaşı Sənanla birgə böyüyüb. Sənan Əhmədov qardaşı haqqında bunları danışıb: “Qardaşıma zəng etdim, telefonu başqası açdı, bir kəlmə dedi ki, qardaşının qisasını almışıq... Başa düşdüm ki, qardaşım şəhid olub. Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Həmişə dediyini edərdi. 3 gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. Dedi tez aç, imkan olmayacaq. Sentyabrın 13-ü zəng elədim, artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq".
Erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovla dünən vida mərasimi keçirilib. Şəhid Səbuhi Əhmədov II Fəxri Xiyabanda dəfn olunub. Şəhidi izdihamlı insan seli son mənzilinə yola salıb. Onun dəfnində minlərlə insan iştirak edib, məzarı gül-çiçəyə qərq edilib. Ata-anasız şəhidə xalq sahib çıxıb.
Araşdırmaçı jurnalist Asəf Quliyev şəhid Səbuhi Əhmədov haqqında bunları yazıb:
“Yadınızdadırsa, 44 günlük müharibədə Gəncədə uşaq evində böyüyən bir oğlan da şəhid olmuşdu. Çox təmtəraqla dəfn olundu. Hamı onu unutmayacağını söylədi... Adını xatırlayırsız? Yəqin ki, yox. Heç mən də xatırlamıram. Əlbəttə, interneti axtarıb adını tapıb yaza bilərdim. Amma bu, ikiüzlülük olardı. Xatırlamırıq. Niyə uşaq evində böyüyən oğlanı yada saldım? Çünki onu yada salacaq nə anası var, nə atası. Nə bacısı var, nə qardaşı. Şəkildə gördüyünüz bu oğlan da atasız, anasız böyüyüb. SOS uşaq kəndində. Son döyüşdə şəhid olub. Ona heç kim oğul deməyib. Onu heç kim öz övladı kimi ağlamayacaq. Bir neçə gündən sonra onu heç kim yada salmayacaq. Amma onun arzuları vardı. Onun çətinliklə böyüdüyü həyatla mücadiləsi vardı. O öz acı taleyindən haqq-hesab sormalıydı. Amma bunların heç biri olmadı. Onun fotosunu görəndən siması gözümün önündən getmir. Çoxdandı, lap çoxdandı ağlamırdım. Amma onun haqqında düşünəndə özümü saxlaya bilmədim. Ona Vətən oğul demişdi. O da vətən üçün şəhid oldu.
Şəhid oldu ki.... Şairlər şeirlər yazsın. Politoloqlar şərhlər versin. Jurnalistlər reportajlar hazırlasın. Müğənnilər mahnılar oxusun. Məmurlar rüşvət alsın. Həkimlər xəstəyə pul dağarcığı kimi baxsın. Müəllimlər şagirdlərə vətənpərvərlik dərsi keçsin. Dindarlar şəhidlik haqqında moizələr oxusun. O, şəhid oldu ki, yaltaqlar yaltaqlansın, alçaqlar alçaqlansın... O, şəhid oldu ki, arzuları həyata keçməsin. O, şəhid oldu ki, çətinliklə böyüdüyü həyatla mücadilə aparmasın. O, şəhid oldu ki, öz acı taleyindən haqq-hesab sormasın. Və hər şey bitdi”.
Səbuhi Əhmədovun şəhidliyi uşaq bağçalarında körpələrə əl qaldıran, sığınacaqlara sığınmış məzlum balalara zülm edənlərə ən layiqli cavab, nümunə götürməli olduqları həyat dərsidir; sizə sığınan, yardımınıza ehtiyacı olan uşaqlara əl qaldırmayın, vurmayın, döyməyin, bir parça çörəklərinə göz dikməyin. Gün gələcək, siz onların müdafiəsinə möhtac olacaqsınız. Yaxasından tutub dartışdırdığınız uşaqlar yaxanız mənfur düşmən əlinə keçməsin deyə itələdiyiniz sinələrini sizin üçün sipər edəcək.
Səbuhi Əhmədov kimi! Dünəndən həm də yazırlar “evsiz şəhid”, “kimsəsiz şəhid”… Şəhid kimsəsiz olmur. Şəhid evsiz də olmur. Şəhidin doğması, atası, anası millətdir, şəhidin evi Vətəndir! Mehmet Akif Ərsoy belə yazıb: Ey şəhid oğlu şəhid! İstəmə məndən məqbər. Sənə ağuşunu açmış, duruyor Peyğəmbər!”. Bunlar pafoslu, boğazdan yuxarı deyilən sözlər deyil.
Həqiqətdir! Şəhid məqamının ucalığını anlamaq da hər kəsin nəsibi olmur.
Cənnət sakinlərinə salam olsun!