Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, “Aznur” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 1 400 kq süd və ət məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Mərkəzi Avropa ölkələrində istifadə müddəti sona yaxınlaşan məhsulların xeyli ucuz qiymətə satıldığı xüsusi mağazalar var:
“Lakin yararlılıq vaxtı keçmiş məhsulların satışı burda da qadağandır. AİB Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə üç ay öncə Sumqayıt poliqonunda bir ayın içində iki müəssisənin yüz tona qədər yararlılıq müddəti keçmiş süd məhsullarının məhv olunmasında iştirak etdi. Soruşulur ki, bəs niyə bu məsullar zamanında istehlakçılara aşağı qiymətlə təklif olunmayıb?
Biz istehlakçıların hüquqlarını qoruyan təşkilat olaraq bunun tərafdarıyıq. Amma bazarda haqsız rəqabət mühitinin yaranmaması üçün bu addım atılmır. Əgər belə olsa, əhali həmin məhsullara üz tutar digər istehsalçılar isə iflasa uğrayar.
Dövlətin əsas siyasəti biznesin inkişafıdır. Buna görə də o Mərkəzi Asiya ölkələrində olan qeyd etdiyim mağazaların bizdə də olmasını istəmir.
Müəyyən hesablamlamalar aparıldıqdan sonra məlum olur ki, həmin məhsulların məhv edilməsi daha sərfəlidir nəinki insanlara ucuz və havayı təklif olunması.
Ona görə bu məsələdə belə bir anormal hal hökm sürür. İstehlakçılar bundan narazıdır. Üstəlik, istifadə müddəti keçmiş məhsullar hansısa heyvan yeminə də çevrilə bilər. Təəssüf ki, bizdə o da yoxdur. Yaralılıq müddəti keçmiş məhsulların istehlakçılara verilməməsi məsələsi də AİB-nin diqqətindədir.
Elə müəssisələr var ki, vaxtı keçmiş bu məhsulların üzərindən son istifadə tarixini çıxarıb yenidən düzəliş edərək satışa çıxarırlar. AİB bunun tərəfdarı da deyil. Məhz belə səbəblərdən biz məhv etmə alqoritmini daha düzgün hesab edirik”.