Son dövrlərdə Azərbaycanda təhsil sistemində bir sıra yeniliklər və dəyişikliklər müzakirə olunur. Bu dəyişikliklərdən biri də məktəbə başlama yaşı ilə bağlıdır. Uşaqların məktəbə başlama yaşı ilə bağlı müxtəlif fikirlər və mülahizələr mövcuddur. Təhsil Nazirliyi tərəfindən təklif edilən dəyişikliklər, uşaqların təhsil həyatına daha sağlam və hazırlıqlı şəkildə başlamaları məqsədini daşıyır. Məktəbə başlama yaşının 7-yə qaldırılması, bu təkliflərdən biridir və bununla bağlı müzakirələr hələ davam edir.
Bəs indiki halda məktəb yaşı 7-ə qaldırıla bilər? Bu təklif nə dərəcədə uyğundur?
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Elçin Əfəndi söyləyib ki, təhsil alanların məktəbə başlama yaşının 7-ə qaldırılması doğru yanaşma deyil:
"Fikrimcə, erkən yaşda şagirdləri təhsil prossesinə cəlb etsək, daha məntiqli olar. Çünki dünyanın əksər ölkələrində uşaqlar aşağı yaşdan təhsilə cəlb edilir. Azərbaycanda da hazırki vəziyyət həmin metod üçün uyğundur. Azyaşlılar 2-5 yaş aralığında bağçada təhsil alırlar. 5 yaşından etibarən bir il müddətdə məktəbə hazırlıq qruplarında tədrisə başlayırlar. Onlar üçün həmin mərhələ həm məktəbə, həm də yoldaşlarına və müəllimlərə uyğunlaşmarı baxımından çox vacibdir. Ona görə də 6 yaşda məktəbə başlamaq ən optimal variantdır. Dünyanın bir çox ölkəsində də erkən yaşda təhsilə daha çox üstünlük verilir. Çünki həmin dövrdə şagirdlərə bilik-bacarıqları öyrətməkdə nə qədər uğurlu olarıqsa, o zaman növbəti yaş mərhələsində yaxşı nəticə əldə edərik. Bir sözlə, uşaqların 7 yaşdan məktəbə başlamasının əleyhinəyəm. Hazırkı vəziyyət daha məqsədəuyğundur".