Ukraynanın Azərbaycandakı səfiri Hikmət Cavadla görüşdü

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad arasında görüş keçirilib.
H.Cavadın Oxu.Az-a verdiyi məlumata görə, görüş zamanı Ukraynanın mənafeyini qorumaq, humanitar yardım göstərmək istiqamətində UABD tərəfindən həyata keçirilən layihələrlə bağlı məsələlər müzakirə olunub.
“Ukraynanın müharibədən zərər şəkmiş, məhrumiyyətlərə düçar olmuş əhalisinə, habelə Ukrayna ordusuna UABD tərəfindən göstərilən maddi yardımlar barədə səfirə ətraflı məlumat verdim. Həmçin müharibədən sonrakı dövrdə Ukraynanın bərpasına azərbaycanlı iş adamlarının sərmayələrinin də cəlb edilməsinə dair fikirlərimizlə bölüşdük. UABD-nin fəaliyyətini yüksək qiymətləndirən cənab səfir Ukraynanın bu çətin günlərində göstərdiyimiz dəstəyə görə mənə təşəkkürnamə təqdim etdi. Bu təşəkkürnaməni özüm üçün böyük iftixar və rəhbərlik etdiyim UABD komandasının hər bir üzvünün fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edirəm. Öz ölkəmizə, xalqımıza əlimizdən gələn hər cür köməyi göstərməyə çalışarkən bunu təmənnasız, hər hansı təşəkkür ummadan edir, Ukrayna vətəndaşı olaraq müqəddəs borcumuz bilirik. Ölkəmizi və xalqımızı müdafiə edərək Ukrayna ordusunun qələbələrinə sevinir, işğal olunmuş torpaqların tezliklə azad ediləcəyinə inanırıq”, – deyə UABD rəhbəri vurğulayıb.