20 sentyabrda Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. E.Blinken görüş üçün tərəflərə təşəkkür edib. Son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına başsağlığı verib. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var.
Görüşün əhəmiyyətini şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov “Sherg.az”a bildirib ki, artıq Amerika da ciddi şəkildə tərəflər arasında yekun sülhün əldə olunması üçün Ermənistanın Azərbaycana qarşı torpaq iddialarından əl çəkməli olduğunu başa düşür:
“Buna görə də rəsmi Vaşinqton indi Ermənistana eksponsionist siyasətindən əl çəkməsi üçün təsir göstərməlidir. Amma biz bunun əksini görürük.
Onlar Ermənistanı daha da qızışdıraraq onun təxribatçı hərəkətlərinə rəvac verirlər. Biz bundan əvvəlki 30 il müddətində Amerika tərəfindən özümüzə qarşı heç zaman səmimi münasibət görmədik və bundan sonra da bunu gözləməyin əhəmiyyəti yoxdur.
Sadəcə Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Blinkenin vasitəçiliyi ilə erməni nazirlə görüşməsi zəruri idi. Çünki Amerikanın yalnız Ermənistan tərəfindən məlumatlandırılması bizim xeyrimizə deyil.
Düşünürəm ki, Ceyhun Bayramov Blinkenə həqiqəti görməkdə müəyyən qədər yardım edə, onun “gözlərini aça bilər”. Nazirimiz heç şübhəsiz Nensi Pelosinin Ermənistana səfəri və onun orada Azərbaycan əleyhinə yersiz bəyanatlar səsləndirməsinə də münasibət bildirəcək.
Amerika yüksək rütbəli rəsmisi Azərbaycan XİN başçısının gətirdiyi arqumentləri əsaslı saya bilər. Amma Bayden administrasiyasının son dövrlər apardığı siyasət heç də Azərbaycanın mənafeyinə xidmət etmir və bu istiqamətdə biz diplomatik kanallar, lobbi şirkətləri vasitəsi ilə ciddi iş aparmalıyıq”.