Vatikan rəsmisi: Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır

Bu tədbir bizim planetimizi qorumağa hesablanıb.

APA xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin açılış mərasimində Vatikan Dinlərarası dialoq Dikasteriyasının prefekti Kardinal Klaudio Qucerotti deyib.

Kardinal Klaudio Qucerotti tədbirin əhəmiyyətindən bəhs edərək söyləyib ki, dini liderlərin, müxtəlif təşkilatların, dinlərin nümayəndələrinin bir araya gələrək çox vacib məsələni müzakirə etmələri çox təqdirəlayiqdir: “Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır. Dini inanclarımız böyük gücdür. Biz nisbiliyə, fərdiliyə inanmırıq. Bizim əməllərimiz gələcəyimizi qurmağa hesablanmalıdır”.

O əlavə edib ki, insan ləyaqətlə yaşamalıdır: “İnsan yer kürəsinin məhəbbət meyvəsidir. İnsan sadə kimyəvi elementlərin toplanması deyil, sevgi təcəssümüdür. Bizim gözləməyə vaxtımız yoxdur, təhlükə yaxınlaşmaqdadır. Başımıza nələrin gələcəyi bizim ümumi öhdəliklərimizi necə yerinə yetirəcəyimizdən asılıdır. Bəşəriyyətimizi qorumalıyıq, əks halda müharibələr daha da güclənəcək, məhvə doğru gedəcəyik”.