Makron Avropa Birliyi (AB) Liderlər Zirvəsi çərçivəsində Rusiya-Ukrayna müharibəsi fonunda sülhün təmin edilməsi üçün davam edən danışıqları dəyərləndirib.
Sherg.az xəbər verir ki, Zirvədə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə yanaşı, dayanıqlı və ədalətli sülh istədiklərini vurğulayan Makron, “Putinlə yenidən görüşməyin zəruri olacağını düşünürəm”, -deyib.
O, ABŞ Prezidenti Donald Trampa işarə edərək bildirib: “Hər halda, Putinlə görüşən bəzi şəxslərin olduğunu görürəm. Buna görə də avropalılar və ukraynalılar olaraq bu görüşü uyğun şəkildə yenidən başlatmaq üçün çərçivə tapmaq bizim xeyrimizədir.”
Əks halda, ruslarla təkbaşına danışan vasitəçilərlə qarşı-qarşıya qalacaqlarını qeyd edən Makron bunun məqsədəuyğun olmadığını deyib.
Makron hazırda danışıqlar prosesinin davam etdiyini və təhlükəsizlik zəmanətlərini ehtiva edən möhkəm, davamlı sülhün əldə oluna biləcəyini vurğulayaraq, “Hər halda, o zaman hamımız birlikdə eyni masa arxasında əyləşəcəyik”, - ifadəsini işlədib.
Fransa Prezidenti həmçinin Avropa rəsmilərinin Ukrayna ilə koordinasiya şəraitində Rusiya ilə şəffaf dialoqu yenidən başlatmaq üçün qarşıdakı həftələrdə yollar tapmasının vacibliyini qeyd edib.