Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq nüfuzunu inamla artırır.
Belarusda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə, həmçinin müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığın ardıcıl inkişafına xüsusi əhəmiyyət verilir.
Çoxtərəfli platformalarda etimada əsaslanan təmasları və qarşılıqlı dəstəyi, eləcə də Belarus-Azərbaycan dialoqunun bütün səviyyələrdə dərinləşdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram”.
***
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu xoş fürsətdən istifadə edərək, birgə səylərimiz nəticəsində Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın və çox yaxşı münasibətlərin gələcəkdə də fəal şəkildə inkişaf edəcəyinə və dərinləşəcəyinə əminliyimi bildirirəm.
Son bir neçə ildə hər dəfə konstruktiv və dostluq mühitində keçən, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda strateji münasibətlərin, səmərəli əlaqələrin, fəal siyasi dialoqun genişlənməsinin təsdiqləndiyi görüşlərimizi məmnuniyyətlə xatırlayıram.
Ümid edirəm ki, Veliko Tırnovo şəhərində Sizinlə birlikdə böyük səylər göstərdiyimiz Şuşa parkının açılışı ilə əlaqədar Bolqarıstana uzun müddət gözlənilən səfəriniz ölkəmizdəki mövcud siyasi böhrandan asılı olmayaraq 2026-cı ildə baş tutacaqdır.
Sizin şəxsi diqqətiniz və iştirakınız sayəsində ötən il uğurla keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra 2026-cı ildə Azərbaycanda ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil ediləcək zirvə toplantısında da ölkələrimiz arasında ən yüksək səviyyədə dialoqu davam etdirməyə hazıram.
Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".