Çinli professor insanların əsrlərlə yaşamasının mümkünlüyü barədə danışıb

  • Syaopin Ren: Başın transplantasiyası insan ömrünü əsrlərlə uzada bilər

Çinli alim Syaopin Ren insanların əsrlərlə yaşamasına imkan verə biləcək şərti açıqlayıb. Söhbət insan başının gənc bədənə köçürülməsindən gedir.

Sherg.az xəbər verir ki, alim bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.

“Bəli, həqiqətən də belədir. Bədəni gənc saxlamaq və insanın başını başqa bədənə köçürmək mümkün olarsa, elmi baxımdan bunun mümkünlüyünü təsdiqləyən sübutlarımız artıq var”, -deyə o bildirib.

Alimin sözlərinə görə, bu cür əməliyyat yaxın gələcəkdə reallaşa bilər. O, fikrini heyvanlar üzərində oxşar əməliyyatların uğurla aparılması ilə əsaslandırıb.

Syaopin Ren Çin Ənənəvi Çin Təbabəti Universitetinin İkinci Klinik Xəstəxanasında ortopediya şöbəsinin professoru və direktorudur. O, daha əvvəl siçanlar üzərində baş transplantasiyası ilə bağlı təcrübələr aparıb.

Bununla yanaşı, baş transplantasiyasının gələcəkdə mümkünlüyü ilə bağlı müzakirələr davam edir. Rusiya Elmlər Akademiyasının akademiki Anzor Xubutiya isə beyin transplantasiyasının hələ də niyə həyata keçirilə bilməyən tibbi vəzifə olaraq qaldığını izah edib.

Qeyd edək ki, insan başının başqa bədənə köçürülməsi hazırda təsdiqlənmiş və uğurla tətbiq olunan tibbi prosedur deyil. Heyvanlar üzərində aparılan təcrübələr belə bir əməliyyatın insanlarda mümkünlüyünü və uzunömürlülüyü təmin edəcəyini sübut etmir.