“Artıq saniyə” ilə vidalaşmaq vaxtı çatıb

Dünyanın fırlanma sürətini müasir saatlarla uzlaşdırmaq məqsədilə 1972-ci ildən tətbiq edilən “artıq saniyə” sisteminin ləğvi planlaşdırılır.

Dünya ilə Ay arasındakı qabarma-çəkilmə təsirləri nəticəsində Yer kürəsinin fırlanma sürəti tədricən azalır və hər sutkaya təxminən 1,4 millisaniyə əlavə olunur. Buna görə də 1972-ci ildən etibarən “artıq saniyə” tətbiqindən istifadə edilərək dünya vaxtı ilə Yerin fırlanma sürəti arasındakı fərq aradan qaldırılırdı. Bunun üçün saatlara bir saniyə əlavə edilirdi.

Lakin bu təcrübə kompüter sistemlərinə və internetə mənfi təsir göstərə bilir. “Artıq saniyə”ni düzgün emal edə bilməyən sistemlər sıradan çıxa bilər. Belə ki, 2012-ci ildə bu tətbiqin istifadəsi Reddit və LinkedIn kimi platformalarda ciddi problemlərə səbəb olmuşdu.

Qərar səsverməyə çıxarılır

Sherg.az xəbər verir ki, ölçmə standartlarını müəyyən edən Beynəlxalq Çəkilər və Ölçülər Bürosunun Türkiyə də daxil olmaqla 69 üzv ölkəsi “artıq saniyə” tətbiqinin ləğvi ilə bağlı səsvermədə iştirak edəcək. Təklif qəbul olunarsa, qərar 2027-ci ilin mayında qüvvəyə minəcək.

Büronun üzvləri bu keçidi 20 ildən artıqdır müzakirə edirlər. 2022-ci ildə keçirilən son iclasda “artıq saniyə” tətbiqinin 2035-ci ilədək mərhələli şəkildə ləğv edilməsi barədə razılıq əldə olunmuşdu. Yeni səsvermə ilə bu müddətin irəli çəkilməsi nəzərdə tutulur.

Dəyişiklik qəbul edilərsə, rəsmi vaxtın ölçülməsi Yerin fırlanma sürətindən asılı olmayacaq və saatlara bir daha əlavə saniyə daxil edilməyəcək.

Təklifə əsasən, atom vaxtı ilə astronomik vaxt arasındakı maksimum fərqin bir saatı keçməməsi tövsiyə olunur. Belə bir fərqin yaranması üçün isə 3 min ildən çox vaxt tələb olunur.

Beləliklə, gələcəkdə “artıq saat” tətbiqinə ehtiyac yaranıb-yaranmayacağına qərar vermək gələcək nəsillərin öhdəsinə düşə bilər.