WSJ: Tramp və Zelenski arasında münasibətlər yenidən pisləşib

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlər sentyabrda BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra yenidən pisləşməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Zelenski ABŞ-yə səfəri zamanı danışıqların onun gözləntilərinə uyğun keçəcəyinə əmin olub. Lakin görüşdə Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrlə bağlı izahat tələb edib.

Mənbələr bildiriblər ki, həmin görüşdən sonra Vaşinqton Kiyevdən altı dəfə Rusiya neft emalı müəssisələrinə hücumları dayandırmağı istəyib.

Qəzet yazır ki, Ukraynanın ABŞ resurslarından istifadə edərək Rusiyanın enerji obyektlərinə zərbələr endirməsi və bunun amerikalı istehlakçılara mənfi təsir göstərməsi Trampın narazılığına səbəb olub.

WSJ-nin məlumatına əsasən, oktyabrda Mayamidə ABŞ, Ukrayna, Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlarda da fikir ayrılıqları üzə çıxıb.

ABŞ-nin danışıqlar üzrə nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşma əldə etməyi nəzərdən keçirdiyini bildiriblər. Bu məlumat Ukrayna və Avropa rəsmiləri üçün gözlənilməz olub.

Altı saat davam edən görüşdə Uitkoff və Kuşner Ukrayna və Avropa nümayəndələrini müharibənin nizamlanmasına dair yeni təkliflər hazırlamağa çağırıblar.

Qəzet xatırladır ki, həmin gün Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbətdən sonra dizel yanacağının tədarükü ilə bağlı razılaşma elan edilib.

Daha əvvəl Putin Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu açıqlayıb.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə dizel yanacağının ixracına qoyulan qadağanın planlaşdırılandan əvvəl aradan qaldırıldığını bildirib.

Onun sözlərinə görə, Rusiya oktyabrda 300 min ton, noyabrda 500 min ton, dekabrda isə 1 milyon ton dizel yanacağı tədarük etməyə hazırdır. Gələcəkdə bu həcmin ayda 3 milyon tona çatdırılması nəzərdə tutulur.

ABŞ administrasiyası isə Rusiya dizelinin dünya bazarlarına tədarükünü 7 aprel 2027-ci ilədək sanksiyalardan istisna edib.