Konqolu reper Gims (əsl adı Qandi Bilel Djuna) korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.
Oxu.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, sənətçi şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə silahlı polis əməkdaşlarının xidmətindən qanunsuz istifadə etməkdə ittiham olunur.
Gimsə qarşı dövlət səlahiyyətlərini həyata keçirən şəxslərə rüşvət vermə, dövlət informasiya bazasında saxlanılan məlumatların qanunsuz ötürülməsində və saxlanılmasında iştirak, həmçinin peşə sirrinin pozulması nəticəsində əldə edilmiş məlumatları alma və istifadə etmə ittihamları irəli sürülüb.
Məhkəmə iclasının tarixi hələlik müəyyənləşdirilməyib.
Gimsdən başqa, daha yeddi nəfər korrupsiya ilə bağlı ittihamlarla üzləşib. Onların arasında sənətçinin biznes tərəfdaşı, vəkillərindən biri, dörd polis əməkdaşı və özəl mühafizə mütəxəssislərinin hazırlanması mərkəzinin rəhbəri də var.
Qeyd edək ki, Qandi Bilel Djuna "Sexion d'Assaut" musiqi qrupunun üzvü kimi tanınıb. O, Konqo Demokratik Respublikasında musiqiçi ailəsində dünyaya gəlib. Sənətçi hələ uşaq olarkən ailəsi Fransaya köçüb.
Gims 2013-cü ilin mayında "Subliminal" adlı ilk solo albomunu təqdim edib.