Həssas qrup qadınlar üçün “Öz işin qur” layihəsinə başlandı

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Öz işini qur” layihəsinin icrasına başlayıb. 
Birliyin sədri Sevinc Fədainin rəhbərlik etdiyi layihə çərçivəsində həssas qrupa daxil olan qadınlar üçün sahibkarlıq proqramının təşkili nəzərdə tutulub.  Layihə rəhbəri bildirib ki, proqram həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və öz işini qurması üçün uyğun sahibkarlıq modellərinə yönləndirilməsi, həmin xanımların sahibkarlıq potensialı və ideyaları üzərində düzgün iş aparılması və nəticəyə yönəlik strateji plan qurulmasından ibarətdir:
"Sahibkarlıq iqtisadi inkişaf və məşğulluq problemlərinin həllində əsas amildir. Dövrümüzdə istedad və bacarıqları ilə ev təsərrüfatına töhfə vermək istəyən, sahibkarlıq potensialı olan qadınlar çoxdur. Bəziləri üçün bu fikir əlçatmaz görünsə də, bir addım atıb planlı şəkildə hərəkət etməklə istədiklərinə nail ola bilərlər. 

İndiki dövrdə evdə hazırlanan təmiz tərkibli məhsulların, əl işlərinin populyar olduğunu nəzərə alsaq, sahibkar olmaq istehsalçı qadınlar üçün bir xəyal deyil. Qadınlar sahibkarlıq ruhuna sahib olsalar da, bunu həyata keçirmək onlar üçün o qədər də asan olmur. Belə ki, özünəinamın olmaması, işin gedişatı barədə məlumatsızlıq, satış və marketinq bacarıqlarının olmaması və digər səbəblər onlara öz işini qurmaq üçün addım atmağa mane olur. Nəticədə qadınların və qadın əməyinin iqtisadi həyatda lazımi iştirakı təmin edilmir”.

O qeyd edib ki,sahibkarlıq potensialı olan qadınları müvafiq dəstəklə təmin etmək, eyni zamanda uyğun sahibkarlıq modellərinə yönəltmək effektivliyi təmin etmək üçün əsas vasitələrdir: "İş həyatından nə qədər uzaq olsalar da, sahibkarlıq həvəsi və bacarığı olan qadınlara verilən bu dəstək, motivasiya və düzgün istiqamətləndirmə, qazandırılan bilik və bacarıq birbaşa onların şəxsi, iş və ailə həyatına, eləcə də ölkə iqtisadiyyatına töhfə vermiş olacaq.  Övladını tək böyüdən analar üçün azyaşlı uşaqlarla digər işlərdə çalışmaq çətinlik yaradır, bu kimi sahibkarlıq fəaliyyəti onları bir sıra məişət qayğılarından xilas edə və maddi qazanc əldə etməsinə imkan yarada bilər”.

Oktyabr ayından start veriləcək təlimləri biznes kouç və təlimçi Orxan Şahbazlı və SMM və rəqəmsal marketinq üzrə mütəxəssis Pərviz Əzimov aparacaq. 

Layihənin məqsədi:

Öz işinin sahibi olmaq istəyən həssas qrupa daxil olan qadınların bilik və bacarıqlarını inkişaf etdirmək, bu sahə üzrə məlumatlılığını artırmaq; 
Qadınların sahibkarlıq fəaliyyətini dəstəkləmək və qadınların iş həyatında daha fəal rol almasına, ictimai və iqtisadi aktivliyinə imkan yaratmaq;
Qadın kooperativləri arasında əlaqələri gücləndirmək və güclü bir birlik altında fəaliyyət göstərməsini təmin etmək; 
Qadınların bu sahədə özgüvən və motivasiyasını artırmaqdır.  

Qeyd edək ki, həssas qadın qruplarına aşağıdakar aiddir:

1. Həyat yoldaşı hansısa səbəbdən (yol qəzası, xəstəlik, cinayət qurbanı, iş qəzası və.s.) vəfat edən qadınlar
2. Həyat yoldaşı sağlamlıq baxımından əmək fəaliyyətinə yararsız olan qadınlar
3. Həyat yoldaşı müharibədə şəhid olan qadınlar (xüsusi həssas qrup) 
4. Həyat yoldaşı müharibədə fiziki və ya psixoloji travma almış, əmək fəaliyytinə yararsız olan qadınlar (xüsusi həssas qrup) 
5. Övladı müharibədə şəhid olan qadınlar (xüsusi həssas qrup) 6. Tək oğul övladı müharibədə şəhid olan qadınlar (ən həssas qrup) 
7. Tək övladı müharibədə şəhid olan qadınlar (ən əssas qrup) 
8. Birdən artıq övladları müharibədə şəhid olan qadınlar (ən həssas qrup) 
9. Boşanmış subay qadınlar
10. Övladı anadangəlmə və ya sonradan uzunmüddətli, sağalmaz xəstəliklərdən əziyyət çəkən qadınlar
11. Fiziki məhdudiyyəti olan qadınlar
12. Evli ikən həyat yoldaşı məhkumluq həyatı yaşayan qadınlar
13. Subay ikən valideynləri, ailə himayədarı məhkumluq həyatı yaşayan qadınlar
14. Həyat yoldaşı narkotik, qumar kimi davamlı pis vərdişlərin iştirakçısı olan, əmək fəaliyyətilə məşğul olmayan və ya təminatı ödəməyən qadınlar
15. Məişət zorakılığına (psixoloji və fiziki zorakılığa) məruz qalan qadınlar 
16. Yetkinlik yaşına çatan (subay) valideynlərindən birini itirmiş qadınlar (qız uşaqları)
17. Yetkinlik yaşına çatan (subay) valideynlərindən hər ikisini itirən qadınlar (qız uşaqları) 
18. Yetkinlik yaşına çatan (subay) valideynlərindən biri və ya hər ikisi əmək fəaliyyətinə yararsız qadınlar (qız uşaqları)
19. Yetkinlik yaşına çatan (subay) valideynləri və ya ailənin himayədarı olması etibarilə ailə üzvlərindən biri və ya bir neçəsi məhkumluq həyatı yaşayan qadınlar (qız uşaqları)
20. Ümumi-kütləvi ideoloji, mental təfəkkür baxımından ailəsi tərəfindən təhsil almasına, təhsil, iş və müstəqil həyat karyerası qurulmasına maneə olunan qadınlar
21. Valideyn qayğısından məhrum, xüsusi sığınacaqlarda böyüyüb, yetkinlik yaşına çatan qadınlar (qız uşaqları).