Payız fəslinin daxil olacağı vaxt açıqlanıb

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olacaq.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, həmin vaxt gecə-gündüz bərabərliyi ilə Yer kürəsinin şimal yarımkürəsində payız fəsli başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Qeyd edilib ki, Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.

Xatırladaq ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-dək davam edəcək. Dekabrın 22-si saat 01:48-də qış fəsli payızı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.