Ermənistan uydurma təbliğatlara birdəfəlik son qoyur

Artıq Ermənistan hakimiyyəti anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq zamanıdır


  Xəbər verdiyimiz kimi, Ermənistan xarici siyasətinin gündəliyində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi artıq prioritet deyil. Bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib. XİN rəhbəri belə məsələləri tarixçilərin öyrənməli olduğunu vurğulayıb. Mirzoyan onu da qeyd edib ki, bu, xarici siyasət və diplomatiya məsələsi deyil. Qeyd edək ki, bənzər ifadələri Ermənistan Baş naziri Nikol Paşinyan da dəfələrlə dilə gətirib və bu məsələnin yenidən araşdırılacağını demişdi. 
  
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, nəhayət, ermənilər reallığı dərk etməyə başladılar. Deputatın sözlərinə görə, artıq Ermənistan tərəfi anlamağa başlayır ki, düşmənçiliyi davam etdirməklə saxta tarix yaratmaqla heç nəyə nail ola bilməzlər:
 "İstənilən halda belə bir bəyanatın verilməsi çox ciddi və önəmli bir mesajdır. Həmçinin Ermənistan cəmiyyətinə ismarıcdır. Əlbəttə ki, İrəvan rəsmilərinin tam səmimi olduqlarını iddia etmək çətindir. Amma bütün hallarda Paşinyan hökumətinin təmsilçiləri tərəfindən belə bir fikrin açıq formada dilə gətirilməsi, qondarma "soyqırım"la bağlı mövqenin ortaya qoyulması özü böyük dəyişiklik sayıla bilər. Artıq Ermənistan siyasi hakimiyyəti də anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün uydurma təbliğatlara birdəfəlik son qoymaq lazımdır. Ümid edirik, Ermənistan reallıqları həqiqətən qəbul edəcək. Bu, Azərbaycanın böyük uğuru və qələbəsidir, atılan addımların nəticəsidir. Təbii ki, bu məsələdə Azərbaycan və Türkiyənin də mövqeyi, yanaşmaları, açıqlamaları xüsusi rol oynayıb. Nəticədə bəzi həqiqətlər İrəvan tərəfindən qəbul olunub".