Bakının Konstitusiya tələbi Paşinyanı erkən seçkilərə aparır - ŞƏRH

  • “Başqa alternativ yoxdur”
  • Həşim Səhrablı: Ermənistan sülh istəyirsə, Konstitusiyanı dəyişməlidir

Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ətrafında siyasi mübarizənin daha da kəskinləşməsi ehtimalı gündəmə gəlib. Müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan Baş nazir Nikol Paşinyanın Bakının Konstitusiya dəyişikliyi ilə bağlı tələbinə görə növbədənkənar parlament seçkilərinə gedə biləcəyini düşünür.

Onun fikrincə, Rusiya ilə qaz qiymətləri, Azərbaycanla münasibətlər və Avropa İttifaqına inteqrasiya məsələləri Ermənistan hakimiyyətinin qarşısında ciddi siyasi və diplomatik sınaqlar yaradır. Karapetyan hesab edir ki, bu istiqamətlərdə götürülən öhdəliklərin yerinə yetirilməsi Paşinyan hökuməti üçün çətin olacaq. Baş nazir isə yeni Konstitusiyanın qəbulu məsələsini gündəmdə saxlayır və müxalifəti bu prosesin vacibliyinə inandırmağa çalışır. Bütün bunlar Ermənistanda erkən seçki ehtimalını yenidən müzakirə mövzusuna çevirir.

Bəs Paşinyan Bakının tələbləri fonunda siyasi gələcəyini müəyyənləşdirəcək qərarı verməyə məcbur qala bilərmi?

Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Bakının Konstitusiya tələbi Paşinyanı erkən seçkilərə aparan əsas səbəbə çevrilir:

“Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi fikrində olan təkcə Karapetyan deyil. Paşinyanın özü də bu barədə açıqlama verib və bildirib ki, əgər hazırkı parlament onun fikirlərini dəstəkləməsə və sülhün vacibliyini anlamayaraq Konstitusiya dəyişikliyinə getməsə, bu zaman konstitusion hüquq və çoxluq əldə etmək üçün Ermənistanda yeni növbədənkənar seçkilərin keçirilməsi mümkündür. Ararat Mirzoyan da bənzər fikirlər səsləndirmişdi. Yəni artıq bu, Ermənistanın siyasi səhnəsi üçün ehtimal olsa da, getdikcə reallığa daha çox çevrilməkdədir.

Konstitusiya dəyişikliyi məsələsində böyük ehtimalla, müxalifət düşərgəsi “Bizim tələblərimiz doğrultusunda hərəkət edirlər” deyərək Paşinyanın bu dəyişikliyə getməsinə imkan verməyəcək. Hazırda Paşinyanın partiyası Milli Məclisdə çoxluq təşkil etsə də, konstitusion çoxluğa malik olmadığı üçün onların bu qərarı təkbaşına vermək imkanları da məhdudlaşacaq. Nəticədə Paşinyan sülh əldə etmək istəyirsə və ölkəsini düşdüyü vəziyyətdən qurtarmaq üçün xalqına verdiyi sözə həqiqətən sadiqdirsə, o zaman növbədənkənar parlament seçkilərinə getmək onun üçün əsas seçim olacaq. Çünki başqa alternativ yoxdur.

Yəni Ermənistanda növbədənkənar seçkilərə getmək bir istək və ya şəxsi təşəbbüsdən daha çox, Ermənistan dövlətinin gələcək maraqları baxımından qaçılmaz reallıqdır.

Azərbaycan xalqı sülhün bərabərtərəfli olmalı olduğunu deyir, amma Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Belə bir şərtlə sülh imzalanacaqsa, bu, nə qədər bərabərhüquqlu ola bilər? Ona görə də rəsmi Bakı haqlı olaraq Konstitusiyanın dəyişdirilməsini, ərazi iddialarının çıxarılmasını tələb edir və Ermənistan da buna məcburdur. Ermənistan o mənada məcburdur ki, suveren bir dövlətə və onun beynəlxalq hüquqla tanınmış sərhədlərinə qarşı heç kim Konstitusiyada ən yüksək səviyyədə ərazi iddiası irəli sürə bilməz və sürməməlidir”.

Müsahibimizin sözlərinə əsasən, Ermənistanın revanşist qüvvələri Paşinyanın sülh planını əngəlləyir, Bakının səbrini isə tükəndirir:

“Bəs bu qərar Paşinyanın siyasi karyerasına və məqsədinə çatmasına nə qədər təsir edə bilər? Burada müəyyən ziddiyyətlər ortaya çıxır, çünki ortada ciddi bir reallıq var: Ermənistanda hələ də revanşist düşüncəli, 200-300 illik tarixə söykənən fransız, rus və ingilis təsirlərinin daşıyıcısı olan insanlar var. Onların beyninə yeridilən “Böyük Ermənistan” xülyası ilə yaşayan çoxsaylı insanlar Paşinyanın bu qərarını dəstəkləmirlər və dəstəkləməyəcəklər.

İndi həmin insanlar müxalifət düşərgəsinin ətrafında birləşə bilərlər. Paşinyan da bunun fərqindədir. Əslində, indi elə bir mənzərə yaranır ki, Ermənistan dövləti bilərəkdən prosesi uzadır və həqiqətən də belədir. Onlar “Konstitusion hüquq yoxdur”, “Zaman lazımdır” kimi fikirlərlə əvvəlcə vaxt istədilər, bundan sonra yenidən əlavə vaxt istəyəcəklər. Bu kimi vasitələrlə uyğun məqam yetişənə qədər sülh prosesindən yayınmağa və öz şovinist xülyalarını reallaşdırmağa çalışırlar.

Artıq bu proses səbrin tükəndiyi bir nöqtəyə doğru da gedə bilər. Müharibədə qalib gəlmişik, buna baxmayaraq, qarşı tərəfə jest etmişik. Elə bir jest ki, heç bir dünya dövləti bunu etməzdi. Qalib gəldiyi anda müharibəni dayandırıb düşmən ordusunun üçdəbirini məhv etmək şansını boşa verərək sırf quruculuq prosesinə başlamazdı. Lakin Azərbaycan xalqı Ermənistana qarşı belə bir böyüklük nümayiş etdirib.

Buna baxmayaraq, qarşı tərəf hələ də öz öhdəliklərindən yayınır, müxtəlif məsələlər və problemlər ortaya atmaqla sülhün imzalanması üçün lazımi sənədlərin hazırlanmasından və rəsmi prosedurların həyata keçirilməsindən qaçır. Bu da, əlbəttə ki, xoş deyil.

İndi Paşinyan hakimiyyətinin ciddi sınaqla üz-üzə olduğunu desək, yalan olmaz. Əvvəlki seçkilərdə olduğu kimi, ilk növbədə, öz xalqına Ermənistanın gələcəyinin həqiqətən də sülhdən asılı olduğu reallığını aşılamaqla işə başlamalıdır. Beləliklə, həm Konstitusiya dəyişsin, həm regionda sülh qurulsun, həm də bütün tərəflər üçün daha məqbul nəticə əldə edilsin”.