Türkiyə Quru Qoşunları Komandanlığının komandası Ankarada keçirilən ilk Beynəlxalq Ən Yaxşı Hərbi Dron Komandası Yarışmasında birinci yeri tutub.
Sherg.az xəbər verir ki, 18 ölkədən 22 komandanın qatıldığı yarış 20 oktyabrda başlayıb və beş gün davam edib. Final mərhələsində Türkiyə, Pakistan, İtaliya və Fransa komandaları 23 maneədən ibarət marşrutu səhvsiz keçərək sürət və manevr qabiliyyəti üzrə mübarizə aparıblar.
Türkiyə komandası marşrutu 41,417 saniyəyə tamamlayaraq çempion olub. Pakistan 50,253 saniyə ilə ikinci, İtaliya 50,680 saniyə ilə üçüncü, Fransa isə 57,142 saniyə ilə dördüncü yeri tutub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu mükafatlandırma mərasimində çıxış edərək gələcəyin döyüşlərində insanlı və pilotsuz sistemlərin uzlaşdırılmış istifadəsinin, eləcə də qərarvermə sürətinin həlledici rol oynayacağını bildirib.
O, Türkiyənin müdafiə sənayesində yerlilik səviyyəsinin 83 faizə çatdığını qeyd edib. Bayraktaroğlu, həmçinin Türkiyə Silahlı Qüvvələrinin beş il ərzində 5 milyon, on il ərzində isə 10 milyon kamikadze sisteminin istehsalını hədəflədiyini açıqlayıb.
Yarışın əsas məqsədləri beynəlxalq hərbi əməkdaşlığı inkişaf etdirmək, təcrübə mübadiləsini təşviq etmək və Türkiyənin müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş və antidron sistemlərini tanıtmaq olub. Tədbirdə 14 ölkədən müşahidəçilər də iştirak ediblər.