Erməni politoloq: Paşinyan növbədənkənar seçkilərə məcburiyyətdən gedir

Nikol Paşinyan hakimiyyətini qorumaq və yeni Konstitusiyanın qəbuluna nail olmaq üçün növbədənkənar parlament seçkilərinə getməyə məcburdur.

Sherg.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants iddia edib.

Surenyantsın sözlərinə görə, Ermənistanda növbədənkənar seçkilər qaçılmazdır və böyük ehtimalla 2027-ci ilin ikinci yarısında keçiriləcək. O bildirib ki, hazırkı parlament siyasi dalana dirənib və heç bir siyasi qüvvə öz gündəliyini həyata keçirmək üçün kifayət qədər mandat əldə edə bilməyib.

Politoloq Paşinyanın növbədənkənar seçkilər qərarını “hər şeyi riskə atmaq” kimi qiymətləndirib.

Surenyants, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma müddətinin dəyişdirilməsinə münasibət bildirib. Onun fikrincə, Paşinyanın əvvəl 2031-ci ili mümkün tarix kimi göstərməsi, daha sonra isə 2027–2028-ci illəri açıqlaması təsadüfi deyil.

Politoloq iddia edib ki, Azərbaycanın siyasi dairələrində və mediasında əvvəlki açıqlamalara verilən reaksiyalardan sonra Ermənistanın baş nazirinin ritorikası dəyişib.