Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən yollarda artan nəqliyyat sıxlıqları ilə bağlı problemə münasibət bildirib. O qeyd edib ki, tıxac problemindən çıxış yolu dayanıqlı şəhər mobilliyi prinsiplərinin tətbiqidir. Şəhər mühitinin avtomobillər üçün yox, insanlar üçün rahat və əlçatanlığı əsas götürülməlidir. Biz hərəkət imkanlarımızı genişləndirməklə tıxac probleminim həllini tapa bilərik:
“BNA indiyədək həyata keçirdiyi bütün tədbirlərin ana xətti də məhz elə həmin prinsiplərdən ibarətdir. Sözügedən prinsiplər əsas götürülməklə Agentliyin 6 ildə qurmağa çalışdığı şəhər nəqliyyatının əsasında ictimai nəqliyyat dayanır. Ötən dövrdə sektorda yeni xidmət standartları gerçəkləşib. Nağdsız ödəniş sisteminə keçilib, maliyyə şəffaflığı artırılıb. Müasir infrastruktur yaradılıb, avtobus parkının əhəmiyyətli hissəsi yenilənib və proses davam etməkdədir”.
M.Ağayev onu da əlavə edib ki, ictimai nəqliyyatın səmərəli fəaliyyəti və etibarlılığının artırılması üçün zəruri faktorlardan biri də xüsusi zolaqların təşkilidir:
“Dünya təcrübəsi də avtobus zolaqlarının tıxacların qarşısının alınmasında əhəmiyyətli təsir vasitəsi olduğunu göstərir. Hazırkı günədək Agentliyin təşəbbüsü ilə 10 küçə və prospektdə avtobus zolağı təşkil edilib. Amma zolaqlardan düzgün istifadə və davamlılıq olmadığından onların səmərəliliyi nəzərə çarpmır. İctimai nəqliyyatın cəlbediciliyinin artırmaq, həmçinin qeyri-qanuni sərnişindaşımaların qarşısının alınması baxımından da faydalıdır. Çünki tıxacların yaranmasına rəvac verən qanunsuz daşımalar ictimai nəqliyyatın fəaliyyətinə mənfi təsir göstərməklə onun gəlirliyini azaldır və ümumilikdə sistem üçün əhəmiyyətli risklər yaradır".
Qurum sözçüsünün qənaətincə, tıxacların və sürətli avtomobilləşmənin qarşısının alınmasından ötrü daha çox piyada gəzintiləri təşviq olunmalı və piyada infrastrukturu inkişaf etməlidir:
"Son 6 ildə Agentlik tərəfindən 200-ə yaxın küçədə piyada əlçatanlığı və təhlükəsiziliyinin təmin edilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Səkilərdə pandus, təhlükəsizlik tumbası, məhəccər quraşdırılıb, səkilər standartlara uyğunlaşdırılıb. Görülən işlər şəhərdə piyada təhlükəsizliyinin artırılmasına töhfə verib . 2021-ci ildə 2019-cu illə müqayisədə piyadaların iştirakı ilə baş verən hadisələrinin sayı 7 faiz, 2021-ci ildə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 2016-cı il ilə müqayisədə 26.8 faiz az olub.
Bütün digər iri şəhərlərdəki kimi tıxac və sıxlıq halları paytaxtımız üçün də səciyyəvidir. Lakin yollarda tıxaca şərait yaradan halların aradan qaldırılmasına düzgün yanaşmaqla biz onun təsirlərini minimuma endirə bilərik. Düzgün yanaşma isə alternativsiz dayanıqlı şəhər mobilliyi prinsipləridir. Cəmiyyət olaraq da hər birimiz işin tənqidçisi deyil, tam əksinə təbliğatçısı kimi çıxış etməliyik".