“Bunu nəylə izah edirlər, hansı səbəb göstərirlər”
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocahəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən müəyyən ediləcək. Trend-in məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası"nda əksini tapıb. Qaydalar Nazirlər Kabinetinin məlum qərarı ilə təsdiqlənib. Qaydaya əsasən, mənzillərin başlanğıc qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Sözügedən mənzillərin satışı açıq auksion formasında keçirilən hərracda həyata keçirilir. Hərracın keçirilməsi məqsədilə Təşkilatçı tərəfindən 5 üzvdən – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (2 nəfər) və Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarət Komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri komissiya üzvləri sırasından bu Qaydaya uyğun olaraq keçirilən səsvermə yolu ilə seçilir. Komissiyanın qərarları hər bir Komissiya üzvünün bir səsi olmaqla, açıq səsvermə yolu ilə iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclaslarında üzvlərinin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər. Həmçinin Azərbaycan Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”na uyğun olaraq mənzillərin ƏƏSMN-nin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir. Mənzillərin hərrac vasitəsilə satışı Nazirliyin sifarişi əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs (təşkilatçı) tərəfindən təşkil edilir.
Məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında qeyd etdi ki, müstəqil qiymətləndiricilər tenderlə seçilməlidir:
"Qiymətləndirici şirkət qiymət alqoritmi ilə bağlı təkliflərini verir, təkliflər dəyərləndirilir. Mövcud vəziyyətdə biz mənzillərin satışa çıxarılmasında bir-birini təkrarlayan qurumların olduğunu görürük. Qiymətləndirici şirkət hansı funksiyanı daşıyacaq, komissiya hansı funksiyanı? Komissiya qiymətləndirici şirkətin işini yoxlayacaqsa, komissiyanın işini hansı qurum yoxlayacaq? Belə bir labirint, həm də məntiqsiz vəziyyət yaranır. Birincisi, mənzillərin qiymətləndirilməsi əsaslandırılmalıdır. Bilinməlidir ki, o mənzillər hansı meyarlarla qiymətləndirlir, bazar qiyməti əsas götürülür, yoxsa bu, dövlətin təyin etdiyi qiymətləndirmə ilə uyğundur. Məlum məsələdir ki, haqqında danışılan mənzillər şəhərətrafı qəsəbələrdədir, mərkəzdən kənardadırlar. Belə olan halda mənzillərin qiyməti baha olmalı deyil, ucuz, sıravi vətəndaşa əlçatan səviyyədə olmalıdır. İkincisi və əslində daha önəmlisi budur ki, niyə “Qaçqınkom”, eləcə də ƏƏSMN bu mənzilləri satmağa tələsir? O binalar dövlət vəsaiti hesabına inşa edilib. Bəli, torpaqlarımız işğaldan azad edilib və köçkün yurddaşlarımız doğma torpaqlara qayıdır. O zaman bu mənzillər şəhid ailələrinə, qazilərə və ehtiyaclılara, sosial qayğıya ehtiyacı olan digər təbəqələrin insanlarına verilməlidir. Şəhid ailələri, qazilərin mənzil ehtiyacları tamamilə ödənərsə, yerdə qalan mənzillərin ehtiyaclı insanlara verilməsi reallaşa bilər. İstifadəsiz qalan mənzillər ordu fonduna verilə bilər. Ümumiyyətlə, bir halda ki, bu binalar dövlət vəsaitiylə tikilib, deməli, burda hər bir vətəndaşın payı var. Çünki hər birimiz vergi ödəyicisiyik və dövlət büdcəsinin formalaşmasında bizim hər birimizin payı var. Dövlət zatən xərc çəkib də. Dövlət vəsaiti, vətəndaşların vergiləri hesabına tikilmiş binalar niyə yenidən hərraca çıxarılmalıdır? Bunu nəylə izah edirlər, hansı səbəb göstərirlər. O binaları hansısa şirkətlər alacaq, yenidən əhaliyə satacaq? Niyə? Bu qədər şəhid ailəsi, qazimiz, uşaq evlərini tərk edən gəncimiz varsa, bu mənzillər dövlət tərəfindən onlara paylanmalıdır".