“Şəhərdə onların sərbəst hərəkəti üçün hələ yetərli imkanlar yoxdur, xüsusi zolaqlar çox azdır”
“Gənclər də skuteri idarə etməyin qaydasını yaxşı bilmirlər”
Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib. KTM-nin Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, motosiklet, moped və skuter qəzalarının sayı hər ay daha da artır: “Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur. Əksəriyyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, pandemiya dönəmində moto-kuryerlərə tələbat çox artdı:
- Əvvəllər şəhərdə bu qədər moped yox idi. Pandemiyada daşınma xərcləri artdı, bu da moto-kuryerliyə marağı və tələbatı artırdı. Pandemiya dövründə kafe və restoranlar uzun müddət bağlı qaldı. Evlərə çatdırma xidmətindən istifadə edilməyə başlandı. Ünvana çatdırılma xidməti əvvəllər də vardı, lakin indiki kimi çox deyildi. Ona görə yollarda mopedlərin sayı da artıb. Avtomobil sürücüləri də mopedlərlə yolu paylaşmağa vərdiş etməyib. Moped sürücülərinin də günahı var, çünki bir çoxları motosikleti düzgün idarə etməyi bilmir, sürücülük vəsiqələri də heç yoxdur. Yol hərəkəti qaydalarına bələd deyillər. Elə zənn edirlər ki, kiçik həcmlidir deyə, motosikleti harda gəldi, necə gəldi sürmək olar. Bir tərəfdən də sifarişləri tez çatdırmağa, gün ərzində bacardıqca çox sifariş yerinə yetirməyə və daha çox qazanc əldə etməyə çalışırlar, ona görə də tələsirlər, yol hərəkəti qaydalarını pozurlar və qəzalara səbəb olurlar.
E.Cəfərov motosikletlərin iştirakıyla törədilən qəzaların əsas səbəblərindən birinin qanunvericilikdəki boşluqlar olduğunu dedi:
- Mühərrik həcmi və sürəti kiçik avtomobil vasitələrinə dövlət nömrə nişanı verilmir və onların qeydiyyatı aparılmır. Sürücülük vəsiqəsi də tələb olunmur. Bu da motosiklet sürücülərinin məsuliyyətdən kənar qalması deməkdir. 40-50 il əvvəlki motosikletlərin mühərrik həcmi kiçik idi, sürətləri də 60 km.saat-dan yuxarı deyildi. Amma müasir motosikletlərin mühərrik həcmi də artıb, sürətləri də 100 km.saata çatır. Sürətli hərəkət edirlər. Döngələrdə xüsusilə təhlükəli manevrlər edirlər. Ötmə qaydalarını pozurlar. Belə olan halda bu nəqliyyat vəsitəsi də dövlət nömrə nişanı ilə təmin edilməli və qeydiyyata alınmalıdır, sürücülük vəsiqəsinin alınması şərti tətbiq edilməlidir. Bunun üçün də mövcud qanunvericiliyə dəyişiklik edilməlidir. Bir halda ki, mopedlər günün reallığına çevrilib, qanunvericiliyə dəyişiklik etmək vacibdir. Burda çətin nə iş var ki?! Qəzaların qarşısı yalnız bu yolla alına bilər. Başqa cür mümkün olmayacaq. Moped sürücüsü qəza törədir, amma DYP əməkdaşı sürücünü aşkarlamaqda çətinlik çəkir, ya da bu, ümumiyyətlə mümkün olmur. Çünki nömrə yox, heç bir yerdə qeydiyyatdan keçməyib, sığortası da yoxdur. Moped yolda başqa bir avtomobili vurub əzirsə, avtomobil sahibi sığorta haqqından istifadə edə bilmir. Ya da piyadanı vurub yoluna davam edir. Hardan tapacaqlar, kim idi sürücü? Ona görə də hesab edirəm ki, mühərrikli və sürəti 60 km.saatdan yuxarı olan nəqliyyat vasitələri qarşısında tələblər qoyulmalıdır. Mopedlərin dövlət nömrə nişanı ilə təmin edilməsi və qeydiyyata alınması vacibdir. Mopedlər digər nəqliyyat vasitələri ilə eyni hərəkət zolağını paylaşır. Bu halda onların xüsusi səs siqnalı, işıqları olmalıdır. Sürücülərsə mütləq şlem, kaska geyinməlidir. Bu, onların özünün də təhlükəsizliyini təmin edər.
Ekspert skuterlə törədilən qəzalara da toxundu:
- Yenə də əsas səbəb bu hərəkət vasitəsindən düzgün istifadə qaydalarına bələd olmamaqdır. Son zamanlar skuterlər dəbə düşüb. Paytaxtda bir neçə məntəqədə elektro-skuter dayanacaqları yaradılıb. Skuterə marağı olanlar ödəniş edib ondan istifadə edir. Lakin nəzərə almalıyıq ki, şəhərdə skuterlərin sərbəst hərəkəti üçün hələ yetərli imkanlar yoxdur, xüsusi zolaqlar çox azdır. Gənclər də skuteri idarə etməyin qaydasını yaxşı bilmir. Skuterlərin dəbdə olması gəncləri cəlb edir. Bunu nəqliyyatda “kreativlik” hesab edirlər. Amma qaydaları bilmədiklərindən, ümumiyyətlə, paytaxtda skuterlə hərəkət ənənəsi hələ formalaşmadığından çətinliklə qarşılaşırlar.