Amerika Kino Akademiyası hindulardan üzr istədi
1973-cü il Amerika Kino Akademiyası tarixində hindu qadının səhnəyə çıxması ilə yadda qalıb. Həmin il Akademiyanın “Oskar” mükafatı “Ata” filmindəki roluna görə məşhur Hollivud “ulduzu” Marlon Brandoya verilib. Lakin aktyor hinduların istismara məruz qaldığı bir ölkədə “Oskar” mükafatından imtina edib və mükafatlandırma mərasiminə öz əvəzinə əslən hindu olan 25 yaşlı Saçen Littlefeatheri göndərib. O, səhnəyə məhz aktyorun bu mükafatı rədd etdiyini bildirmək üçün çıxıb. Lakin o zaman Akademiya etirazı etirazla qarşılayıb.
Yalnız indi – 50 il sonra Akademiya etirazı anlayışla qarşıladığını və hindu qadından üzr istədiyini elan edib və bu haqda aktrisaya rəsmi cavab göndərilib. Hindu aktrisa isə 75 yaşında xərçəng xəstəliyindən vəfat edib. Onun ölümü haqqında xəbəri də Kino Akademiyası yayıb. M.Brandonun etirazı Amerika film sənayesində hinduların vəhşi, cani, mədəniyyətsiz bir toplum kimi təqdim edilməsinə qarşı idi.
M.Brandonun öz əvəzinə səhnəyə çıxardığı gənc aktrisa irqçiliklə üzləşmiş hindu idi. Akademiyanın hazırkı başqanı David Rubinin imzaladığı məktubda “məruz qaldığınız hücumlar yersiz və haqsız idi.
Göstərdiyiniz cəsarət uzun zaman diqqətdən kənar qaldı. Buna görə sizə dərin üzrümüzü və qəlbən heyranlığımızı bildiririk”.
Bu rəsmi cavabdan sonra Saçen Littlefeather üçün xüsusi mərasim təşkil edilib və orada çıxış edən hindu qadın rəsmi üzrü qəbul etdiyini bildirmişdi. 50 il əvvəlsə M.Brandonun “Oskar” mükafatını rədd etdiyini elan etmək üçün səhnəyə çıxan gənc qadın 60 saniyəlik çıxışını “salam. Mən apaçiyəm”, sözləri ilə başlamışdı.