Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir.
Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.
Müsabiqə qaliblərinin 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Qeyd edilən müsabiqəyə 40 dövlət ali təhsil (filialları da daxil olmaqla) və 46 dövlət orta ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələri müraciət edə bilərlər.
Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürüləcək. Şəhid və qazi övladlarının təhsilinin davamlılığına dəstəyin göstərilməsi müsabiqənin əsas prioritetləri sırasında olacaq. Bununla yanaşı, seçim zamanı ali təhsil müəssisələrinin və müvafiq Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaq.
Qeyd edək ki, Gənclər Fondu tərəfindən analoji müsabiqələr 2018-ci, 2019-cu və 2020-ci illərdə təşkil edilib və qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddət ərzində qarşılanıb.
Müsabiqədə iştirak etmək istəyən gənclər Fondun rəsmi internet səhifəsi (www.youthfoundation.az) və “GəncAPP” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını doldurub sayt üzərindən Fonda göndərməlidirlər.
Son müraciət tarixi: 1 noyabr 2022-ci il, saat 18:00.
Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və “GəncAPP” mobil tətbiqində yerləşdiriləcək.