Bu təşkilatın Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülük və riyakarlığın son həddidir
Qərbin Azərbaycana qarşı təzyiqləri intensivləşib. Azərbaycan və Ermənistan arasında münaqişənin həllindən sonra sülh müqaviləsinin imzalanmasına ciddi-cəhdlə mane olan qlobal güclər yeni gərginlik ocağı yaratmağa çalışırlar. 30 illik işğal dövründə bir dəfə də olsun, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını yada salmayan avrokomissarların bugünkü yersiz canfəşanlığı, sadəcə, təəssüf doğurur. Avropa Parlamenti riyakar xislətini bir daha işə salaraq COP29 öncəsi Azərbaycan əleyhinə qəbuledilməz, əsassız və tamamilə qərəzli bəyanatlar verir. Ölkəmizin nüfuzlu tədbirə ev sahibliyi etməsini həzm edə bilməyən avrokomissarlar Azərbaycanın daxili işlərinə qarışmağa can atırlar. Bu dəfə də “insan haqları”ndan soyuq silah kimi istifadə cəhdlərini görürük. Özlərini "jurnalist" və ya "insan haqları müdafiəçisi" kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiasının heç bir əsası yoxdur. Əslində, bu qərəzli yanaşma ilk dəfə deyil. Biz hər dəfə Azərbaycanın irimiqyaslı tədbirlərə ev sahibliyi etdiyi ərəfədə bu cür təzyiqləri, qarayaxma kampaniyalarını müşahidə edirik. İnsan hüquq və azadlıqlarından çətir kimi istifadə edən riyakar avroparlamentarilər, nədənsə, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarını görməzdən gəlirlər. Etnik ermənilərə vəkillik edənlər Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququ barədə bir dəfə də olsun məsələ qaldırmırlar. Halbuki, Qarabağ münaqişəsi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh əldə etmək, soydaşlarımızın qayıdışı üçün əlverişli fürsət yaranıb. Amma yaranmış bu fürsət Qərbdəki dairələrin riyakar marağına cavab vermir.
Millət vəkili Azər Badamov deyib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ikiüzlülük və riyakarlığın son həddidir. O xatırladıb ki, Avropa Parlamenti xristian birliyidir və müsəlman ölkəsinin təəssübkeşliyini heç vaxt çəkməz:
"Ona görə də bu gün öz ərazilərinin suverenliyini təmin etmiş və müstəqil siyasət yürüdən Azərbaycan Avropa Parlamenti üçün lazım deyil. Onlara əzilmiş, asılı vəziyyətdə olan Azərbaycan lazımdır ki, özlərinin çirkin niyyətlərini ölkəmizdə reallaşdıra bilsin. Bu baxımdan, Avropa Parlamentinin qətnamələrini ikili standartların, sifarişlərin icrası və parlament tribunasının siyasi təzyiq üçün alətə çevrilməsinin göstəricisi hesab edirəm. Avropa Parlamentinə Azərbaycanda vəziyyət nə vaxtdan maraqlı olub? Əgər onlara Azərbaycandakı vəziyyət maraqlı olsaydı, torpaqlarımız işğal olunanda, bir milyona yaxın qaçqın və məcburi köçkün şəraitsiz çadır düşərgələrində yaşayanda, xalqımıza qarşı soyqırımılar törədiləndə, dini-mədəni abidələrimiz, şəhər və kəndlərimiz dağıdılaraq talandıqda münasibət bildirərdilər. Biz 30 ildə Avropa Parlamentində bu məsələləri qaldırırdıq və Ermənistana qarşı tədbirlərin görülməsinə çağırışlar etdik. Amma onlar heç nə baş verməmiş kimi qaldırdığımız məsələlərin üstündən səssiz keçdilər".
A.Badamovun fikrincə, Avropa Parlamenti Azərbaycanın öz ərazilərini geri almağını, Ermənistanın dağıtdığı yaşayış məntəqələrini bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurduna qaytarmağını həzm edə bilmir: "Azərbaycan qeyri-adi bir iş görməyib. Ölkəmiz sadəcə BMT TŞ-nin qətnamələrini icra edib. Qəbul etdikləri qətnamədə beynəlxalq hüququn pozulmasından danışan avropalı parlamentarilər 30 ildə bir milyon azərbaycanlının pozulmuş hüquqlarından niyə danışmadı? O cümlədən, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının hüquqlarından niyə danışılmır? Həmin azərbaycanlıların bir hissəsi əsir götürülərək Ermənistanda qul kimi işlədilib, işgəncələrə məruz qalmışdı. Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qarşılaşdığı mina terroru haqqında danışan olmadı. Ermənilərin basdırdıqları milyondan çox minaya düşərək həlak olmuş və ya xəsarət almış 400-ə yaxın azərbaycanlının yaşamaq haqqının pozulması deyilmi? Mina terrorunun bu gün də davam etməsi, minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi üçün Ermənistana niyə çağırış etmirsiniz?". Parlament üzvü vurğulayıb ki, Avropa Parlamenti iqlim dəyişiklikləri ilə bağlı COP29-u da siyasiləşdirməyə çalışır: "Bu konfrans dünyanı baş verə biləcək təbii fəlakətdən qorunması üçün qlobal həmrəyliyə nail olunmasına hesablanıb. COP29-u heç vaxt siyasi məsələlərlə eyniləşdirmək olmaz. Bu məsələ canlı aləmin gələcək mövcudluğu məsələsidir. Amma avropalı parlamentariləri gələcəyin mövcudluğu maraqlandırmır. Özlərinin gələcəyi ilə bağlı düşünmürlərsə, onlardan COP29-la bağlı da müsbət bir fikrin ifadəsini gözləməməliyik. Avropa Parlamenti, onun sifarişçiləri olan Fransa və digərləri Azərbaycanla siyasi təzyiq dilində danışa və addımladığımız ədalətli mövqeyimizdən heç vaxt çəkindirə bilməzlər".