Səfərbərlik Xidmətinə xəbərdarlıq edildi

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xəbərdarlıq edib.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova “Facebook”da paylaşım edib:
“Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən abidəyə 13.09.2022-ci il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin binanın fasadında ayağaltılar qurulmaqla və dam hissəsinə qeyri-qanuni müdaxilələr edilməklə təmir-bərpa işlərinə hazırlıq görüldüyü aşkar olunub.
Görüləcək işlərin dayandırılması və həmin işlərə dair layihənin razılaşdırılması ilə bağlı 16.09.2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub ünvanlanıb. Lakin ünvanlanmış məlumatlandırıcı məktuba rəğmən layihə razılaşdırılmadan təmir işlərinə başlanılıb və hazırda davam etdirilir.

Ümid edirik ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tarix-memarlıq abidəsinin qorunmasına həssas yanaşaraq qısa zamanda təmir-bərpa işlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsini təmin edəcək.
Əks halda yol verilmiş müdaxilə faktına görə protokolun yazılması və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməsi nəzərdə tutulur”.