Bakı məktəbində şagirdə qarşı bullinqə DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO

Daxili İşlər Nazirliyi 112 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı daha bir açıqlama verib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:
“Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.

09:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 112 nömrəli tam orta məktəbdə şagirdin döyülməsinə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.
112 nömrəli tam orta məktəbdən isə saytımıza bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:
“Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək, birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.
Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.
09:30
Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagird döyülüb. 
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 
Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb.

Görüntülərin Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar:

“Hazırda araşdırma aparılır”.