Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri, xarici və yerli media orqanlarının əməkdaşları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkarlanan kütləvi məzarlığın yerləşdiyi əraziyə baş çəkiblər.
“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, müvafiq qurumların nümayəndələri jurnalistlərə aşkarlanmış kütləvi məzarlıqda tapılan qalıqlar və görülmüş işlərlə bağlı ətraflı məlumat veriblər.
Bildirilib ki, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birilərinə bağlanıb.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, ola bilər ki, bir həftə bundan əvvəl 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil:
“Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”.
O bildirib ki, Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq:
“Qalıqların hamısı şəxsi əşyaları ilə birgə götürüləcək. Ekspert rəyi verildikdən sonra isə hər bir skeletdən bir neçə nahiyədən sümük qalıqları götürüləcək. Bundan sonra isə genetik ekspertiza aparılacaq. O vaxta qədər də qalıqlar Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi kriminalistika şöbəsindəki xüsusi depolarda xüsusi şəraitdə saxlanılacaq. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq”.