“Baş Prokurorluq vətəndaşlara müraciət edərək uşaqların təlim-tərbiyəsində aidiyyəti təhsil ocaqlarının vəzifəli şəxslərinin məsuliyyəti olması ilə yanaşı valideynlərin də məsuliyyətli olduğunu xatırladaraq bu mühüm məsələyə lazımi diqqətin göstərilməsinin vacibliyini vurğulayır”.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, prokurorluq və polis orqanları tərəfindən azyaşlıların hüquqların müdafiəsi, xüsusilə onların məişətdə ailə üzvləri tərəfindən və ictimai yerlərdə, o cümlədən təhsil ocaqlarında digər uşaqlar tərəfindən zorakılığa (bullinqə) məruz qalmasının qarşısının alınması və bu cür qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması üçün məqsədli tədbirlər davam etdirilir.
Bildirilib ki, sosial şəbəkələrdə Sabunçu rayonunda orta məktəbdə azyaşlı uşağın həmyaşıdı tərəfindən zorakılığa məruz qalmasına dair yayılmış videogörüntü ilə bağlı daxili işlər, aidiyyəti digər dövlət qurumları tərəfindən görülmüş tədbirlərlə yanaşı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində də araşdırma aparılıb:
“Araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib. Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə göndərilib”.
15:00
Bakıda məktəblinin öz sinif yoldaşı tərəfindən döyüldüyü görüntülər yayıldıqdan sonra övladları həmin tədris ocağında oxuyan valideynlər ora axın ediblər.
Lent.az-ın hadisə yerində olan əməkdaşı həmin valideynləri danışdırıb.
Onlar eyni hadisənin öz övladlarının başına gələcəyindən qorxublar, müəllimlərin cəzalanmasını tələb ediblər.
Ətraflı süjeti təqdim edirik:
13:46
Daxili İşlər Nazirliyi 112 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı daha bir açıqlama verib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:
“Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir”.
09:57
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 112 nömrəli tam orta məktəbdə şagirdin döyülməsinə münasibət bildirib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.
112 nömrəli tam orta məktəbdən isə saytımıza bildirilib ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib:
“Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək, birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.
Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.
09:30
Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagird döyülüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə bunu mobil telefonun kamerası ilə lentə alıb.
Görüntülərin Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar:
“Hazırda araşdırma aparılır”.