“İranda ötən gecə baş verən zəlzələ təkcə bizim stansiyada qeydə alınmayıb, insanlar tərəfindən də hiss olunub. Lakin bu zəlzələnin Azərbaycandakı ocaqları oyatması gözlənilmir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Azərbaycanda, demək olar ki, hər gün xırda təkanlar olur:
“Məsələn, ötən gecə ölkəmizdə 81 təkan qeydə alınıb. Bu təkanlar hər gün qeydə alınır. Bəzən 30, bəzən 50 təkan qeydə alınır. Lakin bunlar təhlükəli deyil. Ümumilikdə yaxın günlərdə Azərbaycanda maqnitudası 5-dən yuxarı olan, dağıdıcı təkanlar gözlənilmir”.
Qurban Yetirmişli əlavə edib ki, İrandakı zəlzələ Zəngəzur və Naxçıvandakı zəlzələ ocaqlarında aktivlik olduğu təqdirdə seysmik prosesləri sürətləndirə bilərdi:
“Ancaq hazırda bu ərazilərdə seysmik aktivlik müşahidə edilmir ki, İrandakı təkanlar da prosesi sürətləndirsin”.