Tıxaclar ömrümüzü yeyir, amma çarə də var

İctimai nəqliyyat ideal və saat kimi işləməlidir ki, insanlar maşını evdə qoyub, ona üz tutmağa həvəsli olsunlar

"Şəhərdə piyada bir nömrəli prioritetdir, ona görə səkilər geniş olmalıdır, piyada keçidləri çox olmalıdır "

  Paytaxtın tıxac problemi demək olar milli-dövlətçilik məsələsinə çevrilib. Hər gün insanlar səhər saatlarında işə, uşaqlar məktəbə getmək üçün evdən çıxır, saatlarla yolda qalırlar. İş vaxtı saat 09:00-da başlayan işçi az qalır ki, sübh tezdən saat 06:00-dan yola çıxsın, bəlkə işə vaxtında çatsın, gecikməsin. Eləcə də ata-analar körpə balaları sübh tezdən oyadıb yuxusuna haram qatmağa məcburdur, çünki gecikmək, tıxaca düşmək dəhşətinə “yol açır”. Xüsusən də, son zamanlar Xırdalan dairəvi yolunda (“VAZ” dairəsi) hansısa “ağıllının” tətbiq etdiyi dəyişiklik insanları “dəli olmaq” dərəcəsinə çatdırıb. İzah edən yoxdur ki, indiyədək nisbətən rahat olan yol niyə dəyişdirildi, sürücüləri kilometrlərlə yolu irəli-geri təkrar maşın sürməyə məcbur etməkdə məqsəd nədir?

Təkcə bu yoldurmu? Əlbəttə, yox. “20 Yanvar”, Ziya Bünyadov prospekti, Dərnəgül, “3-cü mikrorayon”,  Əhmədli, “Babək” prospekti, Binəqədi-Biləcəri-“Baksol” kəsişməsi (lap tarixi “dəlixana”dı – M.R.) Eyni vəziyyət illərdir davam edir, Bakının tıxac dərdinə çarə tapılmır. 

Tıxac ümumiyyətlə meqa-şəhərlər üçün xarakterikdir, lakin ağıllı idarəetmə üsulu olan şəhərlərdə bunun çarəsini tapıblar. Ortada beynəlxalq təcrübə var, hansı ki, yaxın qonşumuz Gürcüstan paytaxt Tbilisidə tıxac problemini bu təcrübə əsasında həll edib. Biz hələ Avropa şəhərlərindən – Amsterdam, Budapeştdən danışmırıq.  

  “İnsan yönümlü şəhərlər” bloqunun müəllifi Anar Əliyev tıxac probleminin həlli ilə bağlı konkret təkliflər irəli sürüb. Paylaşdığı statusda bloger problemin həllini belə açıqlayır: 

- Nəqliyyat problemlərimizin həlli çox ağrılı yoldan keçir. Amma şad xəbər də var. Nazirlər Kabinetində geniş müzakirələr keçirildi. Bakı şəhərində nəqliyyat sektoru yavaş-yavaş böhran vəziyyətinə çatmaqdadır. Tıxaclar sürücülərin ömrünü aparır, ictimai nəqliyyat inkişaf etmir, küçə-yol infrastrukturu isə təhlükəli olaraq qalır. Son 5 il ərzində bu və bir sıra digər səhifələr davamlı olaraq yuxarıda sadalanan məsələləri işıqlandırmağa davam edir. 

5 ildir biz deyirik ki, gəlin şəhərdəki nəqliyyat sahəsinə yenidən baxaq, uğurlu xarici təcrübəni tətbiq edək, köhnə yanaşmasını geridə qoyaq. Bizə isə nə cavab verirlər? “Bura Avropa deyil”, “Bizdə mümkün deyil, bizim öz yolumuz var”. İndi isə hər kəs görür, “öz yolumuz” bizə haraya gətirib çıxartdı. 

Bakı şəhərində pik saatlarında ən sürətli “nəqliyyat” - piyada gəzməkdir, çünki hər şey dayanır. Bir məsələni bir daha diqqətə çatdırmaq istəyirəm. Bu səhifədə paylaşılan məlumat havadan və şəxsi araşdırmadan irəli gəlmir. Müasir şəhərsalma və nəqliyyata həsr olunmuş istənilən ədəbiyyatı açın və özünüz araşdırın. Sizə həmin kitablar aşağıdakı tövsiyələri verəcəklər: 

- Şəhərdə piyada bir nömrəli prioritetdir, ona görə səkilər geniş olmalıdır, piyada keçidləri çox olmalıdır (özü də yeraltı və yerüstü yox).

- Avtomobil istifadəsini stimullaşdıran addımlar atmaq (misal üçün, yolları genişləndirmək) qətiyyən olmaz, bu, tam əks effekt verəcək.
- İctimai nəqliyyat ideal və saat kimi işləməlidir ki, insanlar maşını evdə qoyub, ona üz tutmağa həvəsli olsunlar.
  Bu hələ ən baza addımlardır. Urbanistika ilə tanış olmayan bunu ciddi qəbul etməyəcək, deyəcək, “Sən nə danışırsan axı?! Bakı buxtasının üzərindən 3 milyard dollarlıq körpü tikmək lazımdır, tıxaclar o zaman azalacaq!“. Halbuki, bu pulun üçdə bir hissəsinə Bakı şəhərində demək olar ki, ideal ictimai nəqliyyat yaratmaq olar.

  İndi isə şad xəbər. Bir gün biz mütləq düz yola çıxacağıq. Bu yolda biz tez-tez “yıxılacağıq”, səhv addımlar atacağıq, amma çıxış yolu var və bəllidir. Hələlik isə özünüzü qoruyun və səbrli olun. Yaman günün ömrü az olar”.

  Qeyd edək ki, şəhərin tıxac problemindən təngə gələn, lakin Ramiz Rövşənin “neyləyək, başqa şəhərimiz yox”, misralarını özünə təsəlli verib sağlamlığını - ömrünü yollara qurban verərək hər iş günü, hətta şənbə-bazar günləri də tıxac dəhşətinə düşənlər sosial şəbəkədə effektiv təkliflər də irəli sürür.

 Amma nə edəsən ki, məmurlar bu təklifləri diqqətə alacaq səviyyədə deyillər. Onlar belə düşünür ki, ən ağıllı özləridir, ən ağıllı təklifləri də özləri irəli sürə bilər. Halbuki, ictimaiyyətdən gələn təkliflərə azacıq diqqət etsələr və heç olmasa, azacıq milli maraqlara xidmət etmiş olsalar şəhəri və insanları tıxac əzabından xilas etmək mümkün olar. 

  İctimaiyyətdən gələn təkliflər bunlardır: 

- Tramvay xətlərinin çəkilməsi. Bu, geriyə deyil, irəliyə addım olacaq. Tramvay xətləri şəhərdə avtomobil nəqliyyatının yükünü xeyli dərəcədə azaldacaq. Avtomobillər hazırda avtobusların hərəkət zolağına daxil olduqları kimi, tramvay xəttinə daxil olmağa risk etməyəcəklər. Tramvay həm də təmiz hava deməkdir. 
- Velosiped yollarının artırılması. Əhalinin müəyyən bir qismi velosipedlə hərəkət edəcək, avtomobilə ehtiyac qalmayacaq. Şəhərin havası təmizlənəcək.

- Piyada keçidlərinin sayının artırılması. 

- Səkilərin genişləndirilməsi (səkiləri zəbt etmiş obyekt sahibləri ilə necə davranacaqlar, məmurlar özləri düşünsün).
- Avtobuslar – ictimai nəqliyyat üçün xüsusi zolaqların artırılması (avtobus zolaqlarına soxulan taksiləri, şəxsi avtomobilləri necə ram edəcəklər, küçə ticarəti ilə, “QAZel”ləri yol kənarlarında saxlayıb bazar açmaqla hərəkəti iflic edənləri hara yönləndirəcəklər, bunu da yenə məmurlarımız düşünsün).

- Parklanmanın düzgün təşkili (bu da çox ağrılı mövzudur. Paytaxtdakı ödənişsiz parklanma nöqtələrini ödənişli edən məmurun kimliyi hələ də sirr olaraq qalır). 

- İctimai nəqliyyat, küçə-yol infrastrukturunda Yaponiya təcrübəsi. 

- İctimai nəqliyyatın iş saatını gecə yarısınadək uzatmaq. Axşam saat 22:00-dan sonra avtobuslar qeybə çəkilir, çünki. Saat 21:00-dan sonra işdən çıxanlar yalnız 1-2 manatlıq taksilərlə evə gedə bilir. 

- Şəhərin yükünü azaltmaq. Bir halda ki, e-dövlət, e-hökumət sistemi işləkdir, məmurlar niyə çoxmərtəbəli, qara, göy şüşəli binalara daxil olmaq üçün yola çıxır? Evdəcə əyləşib internet üzərindən işləsinlər. Hər nazirlikdən, agentlikdən... 10 məmur evdən işləsə, yollarda avtomobil xeyli azalar.   
           
  Bu təklifləri nəzərə alıb, fəaliyyətə başlamaq çətin olmasın gərək. Ekspertin də qeyd etdiyi kimi, dünya təcrübəsi, beynəlxalq praktika var. Öyrənsinlər, tətbiq etsinlər. İnsanları yol-tıxac fəlakətindən xilas etsinlər.