Sığorta şirkətləri qeyri-rəsmi olaraq kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edə bilməz
Son zamanlar sosial şəbəkələrdə sığorta şirkətlərindən narazılıqlar artıb. Yayılan şikayətlərə görə, şirkətlər taksi və avtobus fəaliyyəti ilə məşğul olan bir sıra nəqliyyat vasitələrini sığorta öhdəliyinə götürmürlər.
Sığorta şirkətləri qeyri-rəsmi olaraq kiçik mühərrikli avtomobillərin icbari sığortasından imtina edirlər. Sığorta şirkətləri imtinaya səbəb kimi kiçik mühərrikli nəqliyyat vasitələrinin qəza riskinin çox olmasını göstərirlər.
Sürücülər bildirirlər ki, problem əsasən "Toyota Prius", "Azsamand", "Khazar", "Opel Astra", "Saipa" kimi avtomobillərdə yaşanır. Ən çox isə "Toyota Prius" markalı avtomobillərin sürücüləri bu halla qarşılaşdıqlarını iddia edirlər.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, icbari sığorta şirkətlərinin vətəndaşa xidmətdən imtina etmək hüququ yoxdur. Əgər bu avtomobillərin ölkəyə daxil olmasına hökumət icazə verib, onların yollarda hərəkətində problem yaratmırsa və həmin avtomobillərdən icbari sığorta tələb olunursa, deməli, bəzi sığorta şirkətlərinin avtomobilləri sığorta etməməsi qeyri-qanunidir: “Hesab edirəm ki, kiçik mühərrikli avtomobil idarə edən şəxslər məsələnin üzərinə düşməli və haqlarını tələb etməlidir. Sığorta şirkətləri israrla icbari sığorta müqaviləsi bağlamaqdan imtina edirsə, vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Yaxud da sığorta şirkətlərinə nəzarət edən Mərkəzi Banka müraciət edə bilərlər . Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Əks halda avtomobili icbari sığortasız sürdüklərinə görə onlar cərimə oluna bilərlər. Onu da deyim ki, vətəndaşlar bütün sığorta şirkətlərinə müraciət edib imtina cavabı aldıqlarına dair yazılı sənəd əldə etsələr avtomobili sığortasız idarə edə bilərlər. Yox əgər bir-iki şirkətə müraciət edib, imtina aldıqdan sonra heç bir quruma şikayət etmədən avtomobili sığortasız sürürlərsə, bu, onları məsuliyyətdən azad etmir”.
Qeyd edək ki, Mərkəzi Bankdan Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər.
Qanunun 23.3-cü maddəsinə görə, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.
Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əsas vəzifələrindən biri maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etməkdir. Bunun üçün Mərkəzi Bank hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının pozulması ilə bağlı müraciətlər üzrə araşdırmalar aparır və hüquq pozuntularına qarşı tədbirlər görür.