Daha bir maliyyə piramidası ifşa olundu
Osman Gündüz: “Biz zaman-zaman vətəndaşları maarifləndiririk ki, daimi pul qazandıran belə bir mexanizm yoxdur”
Son zamanlar Azərbaycanda vətəndaşlar maliyyə piramidası fırıldaqçılığı ilə üzləşirlər. Maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlar maliyyə piramidasından vəd edilmiş qazancı əldə edə bilirlər. Sonradan isə həvəslənib daha çox vəsait yüklədikləri zaman dələduzların toruna düşürlər.
Piramida əsaslı maliyyə dələduzluğu hallarının baş verməsi barədə bir çoxumuzun bilgisi olsa da, hələ də insanların bu cür fırıldaqçıların toruna düşmələri əslində, əhalinin yetərincə məlumatlı olmadığını göstərir.
Qeyd edək ki, sosial şəbəkədə vətəndaşlara qarşı dələduzluq edən əmioğlular tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, bir neçə İmişli rayon sakini rayon polis şöbəsinə (RPŞ) müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə ikiqat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını deyiblər. Daxil olan müraciətlərlə bağlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən iki nəfər şəxs, rayonun Xəlfəli kənd sakinləri - Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılan maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq), 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu cür dələduzluq hallarının bir vaxtlar inkişaf etmiş ölkələrdə də geniş yayıldığını deyib. Onun sözlərinə görə, əvvəllər bu hallar real dünyada olurdu. Azərbaycanda da internetdən kənar, real dünyada belə hallar olub və hüquq-mühafizə orqanları tərəfindən bu kimi halların qarşısı alınıb: “Maliyyə piramidaları insanlar üzərindən daha çox pul qazanmaq üçün bir şəbəkə sxemi əsasında fəaliyyət göstərir. Yəni siz oraya özünüzlə bərabər, başqalarını da cəlb edəndə daha çox qazanc əldə edirsiniz. Yaxud da yeni gələn adamların pulları yığılır və köhnə istifadəçilərə təqdim olunur. Bəzi adamlar bu ödəmələrə aldanıb daha çox yatırım etməyə başlayırlar. Amma bu piramidalar bir yerdə ya öz-özünə dağılır, ya da şahid olduğumuz kimi, dövlət işə müdaxilə edir. Piramida dağılanda bütün qolları da çökür və maliyyə itkisi ilə nəticələnir.
10-20 il öncə, hələ internetin bugünkü səviyyədə olmadığı vaxtlarda vətəndaşları aldadan bu xarakterli dələduz qruplar mövcud idi. Həmin şirkət rəhbərləri qabaqcadan bilərək ki, xeyli sayda insana verdikləri vədi yerinə yetirərək onları müəyyən şirnikləşdirici vədlərlə aldadaraq bu sistemə cəlb edirdilər. İndi isə son 5-10 ildir bunlar internetə, o cümlədən, Azərbaycanın sosial mediasına inteqrasiya olunub.
Biz zaman-zaman mediada bu hallarla bağlı vətəndaşları maarifləndiririk ki, daimi pul qazandıran belə bir mexanizm yoxdur. Bu, bir piramida xarakterli dələduzluğa söykənən maliyyə fırıldağıdır. İstisna deyil ki, oyuna ilk girənlər müəyyən uğurlar əldə edəcəklər. Amma şirkət rəhbərliyinə qabaqcadan məlum olur ki, xeyli sayda - minlərlə, milyonlarla insana bu cür pul vermək mümkün deyil.
Yəni onlar bilərəkdən bu oyuna vətəndaşları cəlb edirlər və yalnız özləri ordan müxtəlif komissiyalarla, fərqli üsullarla pul qazanırlar. Vətəndaşlar ayıq-sayıq olmalı, aldanmamalıdırlar. Az pul ödəməklə böyük milyonlar qazanmaq heç yerdə yoxdur. Bu istiqamətdə Daxili İşlər Nazirliyinin atdığı addımlar doğrudur.
Amma bunu vaxtında etmək lazım idi. Yəni bu tip addımlar dərhal atılmalıydı. Çünki belə şəbəkələr uzun müddətdir fəaliyyət göstərirdilər və elə indi də fəaliyyət göstərənlər var. Hesab edirəm ki, bununla bağlı ciddi maarifləndirici işlər aparılmalıdır. Hökumət bu məsələ üzərində tədbirləri gücləndirməli və sərtləşdirməlidir".
Bazarda bu cür platformaların kifayət qədər olduğunu vurğulayan ekspert deyib ki, onlar adətən xaricdə qeydiyyatdan keçir, müəyyən ofşor bank hesablarında hesab açdırıb özlərini xarici şirkət kimi təqdim edirlər.
Mütəmadi olaraq ya ad, ya qeydiyyatını dəyişdirir, müxtəlif adlarla bazara çıxıb investisiya etmək məqsədi ilə pul alırlar. Bu tipli şəbəkələr özlərini ilkin olaraq investisiya platforması kimi təqdim edir".