Bahalı interneti yaradan bütün amillər nəzarətdə saxlanmalıdır
Bir müddət öncə "Aztelekom" və "Baktelecom" yüksək internet sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb. Daha yüksək sürətlərə uyğun da nisbətən yüksək tariflər təsdiqlənib.
Hər iki operator GPON istifadəçisi üçün bahalı, 110 manat civarında "Nokia" və ya "Huawei" fiber optik modemini təklif edir.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, operatorların özləri bu modemi daha baha qiymətə alırlar. Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir: “Aztelekom" və "Baktelecom" əsasən "Huawei" və "NOKİA" texnologiyalarından istifadə edir. RİNN-in indiki rəhbərliyindən xeyli əvvəl bu şirkətlərin adı çəkilən operatorlarla müqavilələri var. Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər.
Yəni nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli, 30-40 manat civarında olan fiber optik modemdən istifadə etsə bu şəbəkədən internet əldə edə bilməyəcək.
Düşünürəm ki, bu, yolverilməzdir. Belə çıxır ki, adı çəkilən şirkətlərlə bağlanan müqavilələr antiinhisar qanunvericiliyə ziddir. Maraqlıdır ki, yeni rəhbərlik də bu müqavilələri analiz etmədən, necə deyərlər, “baş ağrıtmadan” elə onlar əsasında əməkdaşlığı davam etdirirlər. Fikrimcə, bunlar yenidən nəzərdən keçirilməlidir.
Haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar Dövlət Xidməti tərəfindən nəzərdə saxlanılmalıdır” .
O.Gündüzün sözlərinə görə, Antiinhisar Dövlət Xidmətinin "Bir bina bir provayderindir" məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir. Bununla belə göründüyü kimi sektorda bir çox sahələrdə problemlər qalmaqdadır: “Dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var. Yəni dünyanın heç yerində “Ankara telecom”, “Tbilisi telecom” kimi qurumlar yoxdur.
Yalnız bizdə "Aztelekom"la yanaşı "Baktelekom" da var. Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün də vahid formada olan qurumu iki yerə parçalayıblar. Əlbəttə, hər ikisi təbii inhisarçıdır.
Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı.
Fikrimcə, Antiinhisarın bu məsələləri də nəzərə alması doğru olardı”.