Xariclə bağlı olan din adamları nəzarətə götürülməlidir

"Ölkədə kifayət qədər axund var ki, məscidi öz ata mülkü hesab edir


  Ötən gün  Yeni Günəşlidə yerləşən Xanım Fatimeyi-Zəhra məscidinə basqın olub. Hücum edən şəxslər maskalı olub. Məsciddə ibadət edənlərin söylədiyinə görə, hadisə zamanı xəsarət alan olmayıb, hücumun məqsədi sadəcə təşviş yaratmaq olub. Hadisənin başvermə səbəbinə gəldikdə isə bu, məscidin axundunun dəyişdirilməs ilə bağlı olub. Məlumata görə, dünən həmin məscidə yeni axund təyin olunub. Çıxarılan axund və oradakı bəzi işçilərin adamları isə məscidə “maskalı hücum” etməklə nizam-intizamı pozmağa çalışıb, yeni axundun köhnə kollektiv tərəfindən qəbul edilməməsi görüntüsünü yaratmağa çalışıblar.

  İddialara görə, məscidin keçmiş axundu Hacı Surxay və məscidin digər işçiləri işindən məcbur azad edilib.
  Hacı Surxay 15 ildir ki, Xanım Fatimeyi-Zəhra məscidində axund olaraq fəaliyyət göstərirdi. Məsələ ilə bağlı Daxili İşlər İşlər Nazirliyinin Mətbuat xidmətindən Bakupost.az –a bildirilib ki, hadisə ilə bağlı polisə müraciət olunmayıb.

  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə insidentlə bağlı sualımız belə cavablandırılıb: 

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.
  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub. Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.

  Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi Zəhra məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib".

  İlahiyyatçı Tural İrfan isə “Şərq”ə hadisə barədə əhatəli  məlumatı olmadığını deyib: “Ancaq bir qədər əvvəl əvvəlki axundun çıxarılması və yenisinin təyin olunması haqqında məlumatlıyam. Ümumiyyətlə, belə hallar ona görə baş verir ki, ölkədə xarici qüvvələr din adamlarının əli ilə özlərinə təsir rıçaqları hazırlamaq istəyir. 

Əsasən İrana bağlı adamlar, orada təhsil və təlim görmüş şəxslər vaxtilə aidiyyəti qurum tərəfindən məscidlərə təyinat alıb. Ancaq həqiqət ondan ibarət olub ki, o adamların əli ilə və onların başına topladığı kütlə vasitəsi ilə nələrəsə hazırlığın əsasını qoyurmuşlar. Nəticədə də məscidlərə rəhbər təyinatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə verildikdən sonra müvafiq bilinməyən şəxslər azad edilərək əvəzinə daha münasib, savadlı, milli düşüncədə olan kadrlar təyin edilir.

 Bunu həzm edə bilməyən qüvvələr isə ola bilsin, xarici ağalarının da havadarlığı və fətvası ilə bu cür təzyiqlər göstərməyə, stabil vəziyyəti gərginləşdirməyə çalışırlar.

 Bildirim ki, ölkədə kifayət qədər belə axund var ki, məscidi öz ata mülkü hesab edir və özünü ömürlük oranın sahibi bilir. 

Ancaq Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu kimi işlərin nizama salınmasındakı səyləri danılmazdır və əminəm ki, o idarə belə halların hamısını tədricən tənzimləyəcək. Din adamı da düşünməlidir ki, vəzifə əbədi deyil və tabe olduğu qurum onu işindən azad edə bilər. Xaricə bağlı olan din adamlarının da hamısı nəzarətə götürülməlidir. Məscid ibadət evidir. Ora kim təyin olunubsa, bu, dövlətin işidir. 

Hesab edirəm ki, məscidlərdə və digər yerlərdə din adı altında hansısa iğtişaşa meyillənən adamlar başa salınmalıdır, əks halda aidiyyəti orqanlar elələri barədə çox ciddi tədbir görməlidir”.