Bəzi məhkumlara övladının toyunda iştirak etməyə icazə verilir
"Bütün bunlar məhbusların islahına da müsbət təsir göstərir"
Bu ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri penitensiar müəssisələrə başçəkmələr edərək 1300-dək məhkuma müxtəlif istiqamətlər üzrə hüquqi yardım göstəriblər.
Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatı ilə bağlı keçirilən tədbirdə deyib.
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti, onların hüquqlarının qorunması və digər problemlərin həlli diqqət mərkəzində olduğunu deyib: “Hər şeydən əvvəl bu məsələ ilə bağlı qanunvericilikdə əhəmiyyətli dəyişikliklər baş verməlidir. Penitensiar müəssisələrin rəhbərliyinin fikirlərinə önəm verilməlidir.
Məhkumlara hüquqi yardım göstərilməsinə xüsusi diqqət yetiririk. Məhkumlara hüquqi yardım İctimai Komitənin hüquqşünas üzvləri tərəfindən göstərilir. Cəzaçəkmə müəssisəsinə başçəkmə prosesinin gedişində məhkumlara hüquqi yardım göstərilir. Məhkumların müraciəti əsasında onların ailə üzvlərinə də hüquqi yardım göstərilir.
Məhkumların ailələrinin ilk növbədə ünvanlı sosial yardım alması ilə bağlı problemlər var. Hüquqi yardımlar sahəsində bu istiqamətdə müəyyən irəliləyişlərə nail olunub. Kassasiya, apelyasiya şikayəti, əfv və bağışlama ilə əlaqədar da məhkumlara geniş izahatlar veririk”.
Ə.Nuriyevin fikrincə, məhkumlar nümunəvi davranış nümayiş etdirirlərsə, onlara verilən görüşlərin sayı artırılır, telefonla zəng etməyə imkan yaradılır. Bəzi məhkumlara məzuniyyət tətbiq edilməsi prosesi də həyata keçirilir:
“Ailələrində bədbəxt hadisə baş verirsə, qısa müddətdə onların evə buraxılması halları da baş verir. Hətta bəzi məhkumların övladlarının toyunda, xeyir işində iştirakına da icazə verilir. Bütün bunlar məhbusların islahına da müsbət təsir göstərir.
Bu da məhkumlarda əlavə stimul yaradır. Mühüm problemlərdən biri də ondan ibarətdir ki, hələ məhkumların vaxtından əvvəl şərti olaraq azadedilmə institutunu tam surətdə reallaşdırmaqla bağlı müəyyən problemlər qalmaqdadır”.