Yaxın günlərdə "mobil əhali" tətbiqi istifadəyə veriləcək
Osman Gündüz: "Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb. "Mobil əhali" tətbiqinin istifadəyə verilməsini uğurlu hesab edirəm"
Dünyanın mobil tətbiq bazarında sürətli artım, inkişaf müşahidə edilir. Düzdür, bu artım ölkələrə görə fərqlənir. Amma ümumi baxanda, artıq ölkələrin bu sahəyə ciddi diqqət etdiyinin şahidi oluruq. Əvvəllər kağız formasında görülən işlər artıq məcburən elektron formaya keçirilir. İnsanlar artıq xidmətləri də öz telefonlarında görmək, smartfonlar üzərindən həyata keçirmək istəyir. İnternetin, texnologiyanın inkişafı buna imkan verirsə, niyə də olmasın?
Bu tendensiya Azərbaycanda da müşahidə edilsə də, mobil tətbiq bazarında bir “qıtlıq” var. Daha doğrusu, bir çox vacib xidmət təqdim edən qurumlar, şirkətlər mobil tətbiqini yeni-yeni formalaşdırır.
Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadənin sözlərinə görə, elektron məhkəmənin yeni versiyası hazırlanır. Bununla bağlı işlərə başlanıldığını vurğulayan A.Səmədzadə bildirib ki, xidmətlər vətəndaşlara yaxın olmalıdır: "Bu sahədə bizim kifayət qədər uğurlarımız da var. Yaxın günlərdə "mobil əhali" tətbiqi istifadəyə veriləcək. Həmin tətbiq vasitəsilə vətəndaşlarımız arayışları ala biləcəklər".
Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin rəhbəri, İKT mütəxəssisi Osman Gündüz "Şərq"ə açıqlamasında yeniliyi dəyərləndirib:
- Azərbaycanın rəqəmsal dünyası üçün əhəmiyyətli bir hadisə və olduqca faydalı bir işdir. Daha doğrusu, uzun illərdi ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. Xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı eGov və MyGov fəaliyyət göstərir. Lakin dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir.
Əgər dövlət qurumları vətəndaşla bağlı hansısa məlumatları, arayışları bir-birindən onlayn formada əldə edə bilirlərsə, onda nəinki onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə, qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası başa çatdırılmalıdır.
Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir. Artıq rəqəmsallaşan informasiya xarakterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır.
Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir. Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb.
"Mobil əhali" tətbiqinin istifadəyə verilməsini uğurlu hesab edirəm, amma onlayn mühitdə bu tip əməliyyatları gerçəkləşdirmək üçün Ədliyyə Nazirliyi xeyli sayda hökumət datalarına sahib olmalıdır. Görünür ki, qurum digər əlaqəli dövlət qurumları ilə, eGov Mərkəzi ilə birgə, xidməti göstərmək üçün zəruri olan çoxsaylı dataları inteqrasiya edə biliblər.
Ədliyyə Nazirliyinin, qurumun İT komandasının və dövlət-özəl tərəfdaşlıq çərçivəsində çalışan "Crocusoft" şirkətinin rəqəmsal transformasiya sahəsindəki fəaliyyəti təqdirəlayiqdir. Bütün qurumlar artıq rəqəmsallaşmalıdır. Çünki sənədin elektron formada olması hüquqi statusu üçün yetərlidir. Bizdə isə bu proses çox yavaş gedir.
Məsələn, mygov.az saytından qeydiyyatdan keçməklə özümüzlə bağlı bütün informasiyaları əldə edə bilərik. Hətta yaşayış yerindən arayış lazımdırsa, onu bu saytdan pdf variantında əldə edə bilirik, lakin onu hər hansı bir quruma aparsanız, möhür olmadığı üçün qəbul etməyəcəklər.