Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi çərçivəsində Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmirlə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, daha da genişləndirilməsi və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Görüş konstruktiv və anlaşma şəraitində keçib.
Mədət Quliyevin tədbir çərçivəsində Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə “SAHA EXPO 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisi öz işinə başlayıb. Azərbaycanın qonaq qismində milli stendi ilə qatıldığı tədbirdə ölkəni müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.