"Şəhərsalma, küçə və prospektlər, binaların tikilməsi planlı olmalı, qurumlar bir-biri ilə koordinasiya qurmalı idi"
Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlayıb. Qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb. Aidiyyəti qurumlar tərəfindən qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
“Paytaxtın Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xəttinin partlaması ilə əlaqədar olaraq yolun hərəkət istiqamətinin çökməsi, həmin küçə və prospektin digər paralel küçə və prospektlərlə hərəkət istiqamətlərində yolların müvəqqəti məhdudlaşdırılması tərəfimizdən həyata keçirilib, hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq”. Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. “Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlar ki, hərəkət normal şəkildə tənzimlənsin. Vətəndaşlarımızdan, xüsusilə sürücülərimizdən xahiş edirik ki, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti hərəkət istiqamətlərinin dəyişdirilməsini nəzərə alaraq bu ərazidən istifadəni maksimum məhdudlaşdırsınlar” - deyə o, vurğulayıb.
“Heç bir yerdə su təchizatı dayandırılmayıb”
“Azərsu” ASC-nin operativ idarəetmə şöbəsinin rəisi Yaşar Bəşirovun sözlərinə görə, gün ərzində suyun verilməsində heç bir çətinlik yaranmayacaq: “Hadisə səhər saatlarında Əsəd Əhmədov küçəsində baş verib. Təbii qəza hadisəsidir. Qəza briqadaları cəlb olunub. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür. Heç bir çətinlik yoxdur. Kifayət qədər su anbarımız var. Qəza magistral kəmərdə olub. Bu su kəmərindən əhali birbaşa istifadə etmir. Xətt 2010-cu ildə çəkilib. Suyun verilməsində heç bir çətinlik yoxdur. Kifayət qədər suyumuz var. Heç bir şikayət yoxdur”.
“Bütün avadanlıqlar yararsız hala düşüb”
Yasamalda magistral su xəttinin partladığı ərazidə yerləşən fitnes mərkəzinin sahibi Mahmud Ələkbərov deyib ki, sığorta şirkətinə müraciət etsə də, hələ ki maraqlanan yoxdur: “Səhər saatlarında, 08:20-də zalda idim. Məndən başqa heç kəs yox idi. Suyun səsinə çölə çıxdım. Su binanın içinə doldu. Özümü itirdim. Ancaq özüm çıxa bildim. Heç nəyi xilas edə bilmədim. Təkcə qaçış aparatının qiyməti 10 000 manatdır. 200 000 manata yaxın ziyan dəyib”.
Sahibkar Mustafa Mirzəyev isə bildirib ki, ona məxsus iki obyekt yararsız hala düşüb. Onun sözlərinə görə, sığorta şirkətindən hələ ki heç bir xəbər yoxdur: “Hadisədən səhər saatlarında xəbərim oldu. Obyektlər suyun içində idi. Yuxarı tərəfdən boru partladığına görə bütün su bura axıb. Obyektlərimdən birində əl işi olan paltarlar var. Hamısı yararsız hala düşüb. Digər obyektim SPA mərkəzi idi. Oradakı avadanlıqlara da ciddi ziyan dəyib”.
Günah meriyadadır
"Sağlam Cəmiyyət" Hərəkatının rəhbəri Elçin Bayramlının “Şərq”ə açıqlamasında bildirib ki, bu problemin əsas səbəbkarı başda Bakı Şəhər İcra Hakimiyyəti olmaqla “Azərsu”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azəryol Tikinti”dir:
“Şəhərsalma, küçə və prospektlər, binaların tikilməsi planlı olmalı, qurumlar bir-biri ilə koordinasiya qurmalı idi. Yol salınmazdan əvvəl yeraltı su xətlərinin yeri, istismar müddəti, yüklənmə norması öyrənilməli idi. Şəhəri betonlaşdırıb, hər addımbaşı çoxmərtəbəli binalar tikilib. Şəhər o qədər yüklənib ki, əvvəl çəkilən boru xətləri binalarda yaşayan əhalinin su təminatını ödəyə bilmir. Bunun qarşısını almaq üçün suyun təzyiqi artırılır və yarıməsrlik su boruları yüksək təzyiqə davam gətirə bilməyib partlayıb. Bu hələ harasıdır. Zamanla biz bu cür partlayışları çox görəcəyik. Sadəcə su xətləri deyil, bütün kommunal sistemlərin sıradan çıxması ciddi fəsadlara səbəb olacaq. İllər əvvəl bəlli bir əhali üçün nəzərdə tutulan kommunal təchizat sistemi bu şəhərin öhdəsindən gələ bilmir. Yeni çoxmənzilli binalar inşa edilərkən, mütləqdir ki, su sistemləri də ona uyğun hesablansın. Təəssüflər olsun ki, bizdə hələ də bəzi ərazilərdə çoxmənzilli yeni binalar inşa edilərkən, kanalizasiya və su xətlərinə qoşulma köhnə olan xətlərin üzərindən həyata keçirilir”.
Həll yollarına gəldikdə isə ekspert deyib ki, artıq çox gecdir. Bu cür təhlükələr əvvəldən nəzərə alınmalı və qabaqlayıcı addımlar atılmalı idi:
“Praktik olaraq bundan sonra baş verəcək problemlərin qarşısını almaq mümkün deyil. Şəhərin infrastrukturunu düzgün sistemləşdirmək üçün Bakı şəhəri sökülüb təzədən tikilməlidir. Şəhərin bütün kommunal xətləri hədsiz yüklənib, binalar xaotik şəkildə, necə gəldi tikilib. Hansısa magistral xətdən keçən su borusunu dəyişməklə problemi həll etmək olmur. Fundamental tədbirlər keçirilməlidir. Bunun üçün də milyardlarla vəsait və uzun zaman lazımdır. İlk növbədə isə Bakını bu hala salan sabiq və hazırkı məmurlar məsuliyyətə cəlb olunaraq ağır cəzalandırılmalı, bütün əmlakları müsadirə olunmalıdır”.