Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsinin 2 ili tamam olur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.
Qədim Azərbaycan torpağı olan Zəngilan rayonunun 20 oktyabr 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən işğal edildiyini xatırladan Milli Məclisin deputatı, professor Kamilə Əliyevanın “Şərq”ə açıqlamasına görə, Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub:
“Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan qurtarıb. Davam edən döyüşlərdə Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxaran Azərbaycan Ordusu 27 oktyabrda Zəngilan şəhərini işğaldan azad edib. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.
Zəngilan işğaldan azad edildikdən bir neçə gün sonra Qubadlı rayonu da işğaldan azad edildi və Azərbaycan Ordusunun bölmələri iki istiqamətdə, Laçın və Şuşaya doğru irəliləməyə başladı.
Mədəniyyət paytaxtımız, dünya azərbaycanlılarının qürur yeri olan Şuşa noyabrın 8-də işğaldan azad edildi və bununla da Ermənistan təslim olduğunu bəyan etdi. Zəngilanın işğaldan azad edilməsindən iki il sonra 20 oktyabr 2022-ci ildə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi bir hadisə oldu. Vətən Müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan Türkiyənin Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan etdi. Azərbaycanın haqq savaşında Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində də Azərbaycan -Türkiyə birliyi göz önündədir. Türkiyə şirkətləri quruculuq işlərində yaxından iştirak edir.
Türkiyə şirkətləri avtomobil və dəmir yollarının və tunellərin tikintisində Azərbaycan şirkətləri ilə çiyin-çiyinə çalışırlar”.
İşğal dövründə ermənilərin şəhər və kəndlərimizi yerlə yeksan edib, binaların daşlarını belə söküb Ermənistana daşıdıqlarını vurğulayan millət vəkili deyib ki, ermənilərin bu çirkin məqsədləri azərbaycanlıların heç vaxt bu torpaqlara qayıdıb yaşaya bilməməsinə xidmət edib. Ermənilər unutmuşdular ki, azərbaycanlılar Vətəni, doğma torpağı öz canlarından belə əziz tuturlar. Bütün məcburi köçkünlər öz ata yurduna qayıdacaqlar:
“Azərbaycan dövləti işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizi yenidən quracaq. Bu işdə türk qardaşlarımız da bizimlə birlikdədir. Türkiyə Vətən Müharibəsində bəzi dövlətlərin və qüvvələrin Azərbaycana qarşı təxribatının qarşısını aldı. Dünyada Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq. Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən də müttəfiq etdi. Azərbaycan - Türkiyə dostluğu, müttəfiqluyi bölgədə sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə dünyada söz sahibi, eləcə də güc mərkəzidir. Yaşadığımız dövrdə bir çox ölkələrdə iqtisadi, siyasi böhran hökm sürür. İnsanların durumu ağır vəziyyətdədir. Türkiyə isə bütün sahələrdə inkişaf edir. Dövlətin gücü və qüdrəti artmaqdadır. Azərbaycan və Türkiyə dostluğu əbədi və sarsılmazdır. Hər iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin bayraqları hər zaman bir yerdə dalğalanacaq”.