Köhnə binalar sökülüb yerində parklanma yerləri salınacaq

İşbazlar yeni binalar inşa etdikləri vaxt az qala bir qarış yerlərindən belə güzəşt etmək istəməyiblər


Bakıda köhnə binaları söküb əvəzində parklanma yerləri sal  ına bilər. Bunu nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın sədr müavini Fərhad Əyyubov bildirib. "Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında çoxlu avtobus qarajları mövcud idi. Sonra bunların hamısını söküb yerində "novostroyka"lar tikdilər", - deyə F.Əyyubov əlavə edib.

  Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin fikrincə, parklama yerlərinin az olması müasir şəhərsalmanın yaratdığı problemlərlə bağlıdır:

 “Bakı şəhəri yenidən tikildiyi dönəmdə şəhərin avtomobil yükünün artması heç kim tərəfindən nəzərə alınmayıb. Bununla yanaşı işbazlar yeni binalar inşa etdikləri vaxt az qala bir qarış yerlərindən belə güzəşt etmək istəməyiblər. 

Əksinə, bəzi binalar tikilən zaman piyada keçidləri də ləğv edilərək tam avtomobil yolunun kandarına qədər zəbt edilib. Yaranmış vəziyyətə görə yolun hər iki tərəfində avtomobillərini park edən sürücülər isə gözlənilən problemin yaranmasına səbəb olurlar. Ona görə də şəhər tıxaclardan nəfəs ala bilmir. 

Sürücülər də yaranmış vəziyyətdən şikayətçidir, sakinlər də. Bütün böyük şəhərlərdə belə bir fikir var ki, əgər parklanma sahəsi yaxşı idarə olunmursa, bu da şəhərdə nəqliyyat sistemini iflic vəziyyətə gətirib çıxarır”.