Nə koronavirus təhlükəsi qalıb, nə pandemiya... - Karantin rejimini uzadırlar!


Elə bir ucdan xüsusi karantin rejimi uzadılır
Fuad İbrahimov: “Amma bir nəfər çıxıb açıq danışmır, izahat vermir ki, niyə quru sərhədləri açılmır”
“Hava nəqliyyatı ilə səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz”
Yollar açılmadı. Xüsusi karantin rejimi yenə uzadıldı. Minlərlə insanın – anaların, ataların gözü yenə yollarda qaldı. Ustad Şəhriyar yadıma düşdü: “Bir uçaydım bu çırpınan elinən, ağlaşaydım uzaq düşən elinən, bir görəydim ayrılığı kim saldı…” Ardını yazmayaq. Təki Allah hər kəsə can sağlığı versin, doğmalara bir-birini görməyi nəsib etsin. Bu gedişlə ümid Allaha qalır. Yolu bağlayanlar nə sirdisə, açmaq istəmir. Yolu bağlayan koronavirusdu, COVİD-di, pandemiyadı, filan… deyəcəklər. Bu nağıllara daha kimsə inanmır. Nə koronavirus təhlükəsi qalıb, nə pandemiya. Karantin rejimi quru sərhədlərdən savayı başqa heç bir yerdə, heç bir sahədə tətbiq olunmur. Dünya unudub artıq COVİD-i. Fəqət, ara-sıra ÜST xatırladır. Xatırlatmaqda fayda var, əlbəttə. Ehtiyatı əldən vermək olmaz. Zatən, ehtiyat tədbirləri də görüldü, əksəriyyət koronavirusa yoluxdu, sağaldı, peyvənd də olunduq. Nə qaldı ki? Ölkədə bütün sahələr öz əvvəlki tərzinə qayıdıb. Əhalinin 99 faizi tibbi maskasız gəzir. Maska taxanlar qripə yoluxanlardır, ya da qripdən ehtiyat edənlər. Başqa heç bir məkanda – nə qapalı, nə açıq, qoruyucu maska tələbi qoyulmur. Toylar da hər zamankı qaydada, yaslar da. Xarici ölkələrə səfər edənlər də COVİD pasportu, 24 saat əvvəlki test nəticələrini təqdim edib “eyvallah”, yola düşür. Eyni qaydanı quru sərhədləri ilə bağlı da tətbiq etmək niyə mümkün olmasın? Gürcüstana və ya Türkiyəyə quru sərhədləri keçməklə getmək istəyənlərdən də eyni qaydada sərhəd-keçid məntəqəsində peyvənd arayışı, COVİD pasportu tələb etmək çətin olmasın gərək. Quru sərhədlərini qapalı saxlamaqla nə qazanır ölkə iqtisadiyyatımız ki, vətəndaşlara yol açılmır? Azərbaycanın 4 bir tərəfi soydaşlarımızın ən çox gedib-gəldiyi, doğmaları, ailə üzvləri olan ölkələrdir. İstər Rusiya olsun, istər Gürcüstan, Türkiyə. İrana da vətəndaşlarımız qazanc ardınca gedirdi, ya da həkimə. Lap olsun, gəzməyə, alış-verişə. Rahat gediş-gəliş insanların haqqıdır. Quru sərhədlərinin bağlı qalması minlərlə soydaşımızın Gürcüstana, Türkiyəyə, Rusiyaya sərbəst gedişini əngəlləyir. Bu da o deməkdir ki, insanlar artıq 3 ildir doğmalarını, el-obalarını ziyarət edə bilmirlər. Azərbaycanın qərb bölgəsi, Şəmkirdən başlamış Ağstafa, Tovuz, Qazaxa qədər böyük bir ərazidə yaşayanların əksəriyyəti günlük qazancını məhz Türkiyə, Gürcüstana gedib-gəlməklə əldə edirdi. 3 ildir insanlar bundan məhrum edilib. Qazancı bir kənara qoyaq, insanlar valideynlərinə, valideynlər övladlarına həsrət qalıb. Hələ bunun təhsil alanı da var. Aztəminatlı vətəndaşın təyyarə ilə səfər etməyə maddi imkanı çatmır. Tələbəyə heç sərf etmir təyyarə ilə gedib-gəlmək. Nəzərə alsaq ki, aztəminatlıların sayı daha çoxdur, deməli, quru yolla hərəkət etmək istəyənlərin sayı da çoxdur. Bir var, 1 nəfər təyyarə bileti alsın, bir də var, 10 nəfər avtobusla, ya da qatarla gedib-gəlsin. Hər halda bir təyyarə biletinin qiymətindən daha artıq qazanc əldə edilər. Yəni “xüsusi karantin rejimi” adı altında quru sərhədləri israrla qapalı saxlamaq kimə və niyə sərfəlidir, bir anlam vermək çətindir.
Qeyd edək ki, quru sərhədlərin açılmasının zəruriliyi Milli Məclisdə də bir neçə dəfə qaldırılıb, millət vəkilləri quru sərhədlərin bağlı qalmasının həm ölkə iqtisadiyyatına, həm də vətəndaşlara zərərini vurğulayıb, məsələnin tezliklə həll edilməli olduğunu bildiriblər.
İqtisadçı-ekspert Fuad İbrahimov da “Şərq”ə açıqlamasında qeyd etdi ki, dünyanın əksər ölkələrində karantin qaydaları kəskin yumşaldılıb.  Azərbaycanda da karantin qadağaları, demək olar aradan qaldırılıb. Quru sərhədlərinin açılışı turizm sektorunun inkişafı baxımından da vacibdir. Quru sərhədləri heç olmasa mərhələli şəkildə açılsa, bu, ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb olacaq:
" Statistika göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gələnlər idi və onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verənlər idi. Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər".
F.İbrahimov bildirdi ki, uzun müddətdir ölkədə həm yoluxma sayında, həm də sağalanlarla xəstələr arasındakı nisbətdə müsbət tendensiya, eləcə də ölüm sayında kəskin azalma müşahidə edilir:
"Münbit şəraitin yaranmasına baxmayaraq quru sərhədlərin qapalı qalmasının tutarlı bir səbəbi varsa, bu, mütləq açıqlanmalıdır. Amma tutarlı bir səbəb göstərilmir, bir nəfər çıxıb açıq danışmır, izahat vermir ki, niyə quru sərhədləri açılmır. Elə bir ucdan xüsusi karantin rejimi uzadılır. Niyə, nə səbəbə? Səbəb pandemiya ola bilməz. Pandemiya hətta davam etsəydi belə, peyvəndləmə kampaniyasının uğurla aparılması təhlükələri minimuma endirir. Başqa səbəb varsa, desinlər, əhali də bilsin. 3-cü ildir ki, insanlar qazanc yerlərini itirir. Doğmalarını görə bilmirlər. Səyahətlər onsuz da var. Təyyarə ilə səyahət edənlər onsuz da hara istəyirlər gedirlər. Hərəkət edə bilməyənlər aztəminatlı insanlardır. Quru sərhədlərin bağlı qalması vəziyyəti dəyişmir. Səyahətə çıxmaq istəyənlər Türkiyəyə təyyarə ilə uçub oradan da hara istəyirlər quru yolla keçirlər. Sərhədləri qapalı saxlamaq dirənişi anlamsızdır. Buna məntiqi bir izahat vermək mümkün deyil. Yenə deyirəm, bizim bilmədiyimiz başqa bir səbəb varsa, açıqlasınlar. Əsaslı səbəb göstərmədən, əsaslı izahat vermədən quru sərhədləri qapalı saxlamaqda davam edirlər".
F.İbrahimov qeyd etdi ki, bu məsələdə görünür, qonşu dövlətlərin də siyasi iradəsi vacibdir:
" Bu məsələ birtərəfli qaydada həll edilə bilməz. Amma biz bilmirik ki, qonşu dövlətlərin mövqeyi necədir? Məsələni uzadan, yubadan hansı dövlətdir? Ola bilməz ki, 4 ölkənin 4-ü də, quru sərhədlərin açılmasına qarşı çıxsın. Çünki bu vəziyyət heç bir dövlətə, əslində sərfəli deyil. Əksinə, bütün qonşu dövlətlərə xeyirdir. Həm dövlət miqyasında iqtisadi mənfəət baxımından, həm də vətəndaşların mənfəəti baxımından. Tutalım, hazırda Rusiyanın məlum problemləri var, müharibə şəraitidir və sair. Hərçənd bu məsələnin Azərbaycanla əlaqələri baxımından həlli mümkün görünür. Amma Gürcüstan və Türkiyədə hazırda stabil vəziyyətdir. Məncə, quru sərhədlərin açılmasına əsaslı bir maneə yoxdur. Amma bu məsələ vətəndaşları qıcıqlandırır".
F.İbrahimov bildirdi ki, hava nəqliyyatı ilə səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz:
" Birincisi, təyyarələrin sayı azdır, tələbat ödəniləcək sayda təyyarə reysləri təşkil etmək mümkün deyil. İkinci, təyyarə biletləri çox bahadır. Bir təyyarə biletinin qiymətinə 10 nəfər avtobusla, şəxsi avtomobillə qonşu ölkələrə gedib-gələ bilər. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq. Digər məsələ, ölkə daxilində dəmiryolunun fəaliyyətsiz qalmasıdır. Sərnişin qatarlarını hərəkətə gətirmək lazımdır. Onsuz da vətəndaşlar avtobuslarla bölgələrə səfər edir. Qatarla da getsinlər. Avtobusda yoluxma ehtimalı sıfırdır, qatarlarda 100 faiz?! Elə işlər görülür ki, bunlara bir anlam vermək olmur. Bu məsələləri rahat bir şəkildə həll etmək olar. Elektron portallar vasitəsilə vətəndaşlar qeydiyyata düşsün, peyvənd sertifikatları qeydə alınsın. Bir də ki, quru sərhədlərlə yükdaşımalar onsuz da həyata keçirilir. Yükdaşımalar zamanı yaranan sıxlıq heç əhalinin gediş-gəlişi zamanı yaranmır. Hansı tərəfdən baxsan quru sərhədlərin açılması əlverişlidir, lazımdır. Niyə müddəti hər dəfə uzadırlar?!.".