"Tıxaca" düşən tıxac problemi - Daha bir təklif var!


“Belə kameraların sayı kifayət qədər olsa və ağına-bozuna baxmadan cərimə tətbiq olunsa sürücülərin 99 faiz avtobus zolağına girməz”
  Paytaxtın tıxac probleminin həllinə son günlərdə diqqət də artıb, təkliflər, ideyalar da. Yolların genişləndirilməsi, hərəkət zolaqlarının artırılması, parklanma yerlərinin çoxaldılması, şəxsi avtomobillərdən istifadənin azaldıması, tramvay xətti, troleybus, metrobus və sair və ilaxır. Nə qədər desəniz təklif var. Onlar arasında çətin görünəni, hətta mümkünsüz hesab ediləni də var. Amma yekdil fikir budur ki, ictimai nəqliyyatın normal hərəkətini təmin etmək mümkün olarsa, şəhərdə tıxaclar azalar. İnsanlar ictimai nəqliyyata üstünlük verər, rahat və sərfəli olanı seçərlər. Lakin bunu necə etməli? Nəqliyyat problemləri üzrə mütəxəssislər ictimai nəqliyyatın maneəsiz hərəkəti üçün yolun hərəkət hissəsində avtobuslara xüsusi zolaq ayrılmasını təklif edir. Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev uzun müddətdir ki, bu təkliflə çıxış edir. Bir neçə gün öncə ekspert paytaxtın “Ziya Bünyadov” prospektində avtobus zolağının çəkildiyi xəbərini foto ilə birgə paylaşmışdı. Mütəxəssiz öz mövqeyində qalır və avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olmaması məqsədilə dünya təcrübəsində istifadə edilən xüsusi müşahidə kameralarının quraşdırılmasını təklif edir:
" Avtobus zolağının əsas qayəsi ictimai nəqliyyatın üstünlüyüdür. Həmin zolaqdan avtobusdan savayı ancaq operativ nəqliyyat vasitələri – polis, təcili yardım, yanğınsöndürən ehtiyac olarsa istifadə edə bilər. O yerdə ki, “pik saatda digər şəxsi avtomobil də zolağa buraxılsın”, fikri səslənir, bilin ki, bu zaman ayrılmış avtobus zolağının mahiyyəti itir. “Ziya Bünyadov” prospektiylə 7A,7B, 9, 11, 15, 24, 36, 60, 62, 67, 71, 85, 93, 85, 166, 199, 211 nömrəli avtobuslar hərəkət edir. Bu prospektdə avtobus zolağının çəkilməsi gün ərzində minlərlə vətəndaşın rahat və gecikmədən mənzil başına çatacağı deməkdir".
  Sosial şəbəkədə paylaşım edən R.Ağamirzəyev dünyada tətbiq olunan təcrübəyə istinadən avtobus zolaqlarına nəzarət üçün quraşdırılan müşahidə kameralarını misal çəkib:
"Baxın, bu cihazın nömrə tanıma funksiyası var və bunun vasitəsilə avtobus zolağının tələbini pozan sürücülərə avtomatik cərimə yazıla bilər. Belə kameraların sayı kifayət qədər olsa və ağına-bozuna baxmadan cərimə tətbiq olunsa sürücülərin 99 faizi avtobus zolağına girməz. Amma qaydaların əməl olunmasına nəzarət edənlər bunları quraşdırmırlar. Görünür ki, avtobusların ləngimədən hərəkət etməsini istəmirlər.
  R.Ağamirzəyev Gürcüstanın paytaxtı Tbilisidə, Çavçavadze prospektində marşrutların sayının və maksimum sərnişin axını məlumatlarının təqdim edilən qrafik üzrə 2019 və 2022-ci illər üzrə müqayisəli təhlilini də verib: " “Məlumatlara görə, bərpa olunan Çavçavadze prospektində ictimai nəqliyyat üçün hərəkət zolağı salınıb, nəticədə yolun ötürücülük qabiliyyəti 70 faiz, ictimai nəqliyyatda sərnişin axını isə 43 faizədək artıb. İctimai nəqliyyatda gözləmə vaxtının azaldılması, həmçinin avtobus və mikroavtobuslarla sərnişin axınının rahat şəkildə ictimai nəqliyyat üçün ayrılmış zolağa köçürülməsi hesabına yolun ötürücülük qabliyyəti də artıb”.
  Tbilisidə bunu edə biliblərsə, bizdə niyə mümkün olmasın? Sadəcə, istək və necə deyərlər, hünər gərəkdir".