13 pillə gerilədik və 93-cü yerdə qərarlaşdıq
“Daha bir beynəlxalq hesabatda geriləməyimiz müzakirə mövzusu olub. Məlum olduğu kimi bir müddət öncə “Qlobal İnnovasiyalar İndeksi 2022” dərc edilib. Azərbaycan innovasiyaların səviyyəsinə görə 13 pillə geriləyib və 93-cü yerdə qərarlaşıb”. Bu sözləri “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib.
Mərkəz direktoru eyni zamanda Azərbaycanın BMT-nin “Elektron hokumət indeksi 2022” hesabatında da 13 pillə gerilədiyini xatırladıb: “Qlobal İnnovasiyalar İndeksi 2022” Hesabatı hər il Kornel Univesriteti, İNSEAD və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə iştirakı ilə dərc edilir. Bu il Hesabat 132 ölkəni əhatə edib.
Hesabata diqqət yetirəndə görmək olar ki, postsovet ölkələrindən Estoniya 18-ci, Rusiya 47-ci, Ukrayna 57-ci, Gürcüstan 72-ci, Ermənistan 80-ci, Özbəkistan 82-ci və Qazaxıstan 83-cü yerləri qazanıblar. Azərbaycan 93-cü yeri tutmaqla yalnız Tacikistan və Qırğızıstanı üstələyə bilib. Qlobal innovasiyalar indeksi 81 indikator üzrə qiymətləndirmə aparmaqla tərtib edilir.
Onlar da “İnnovasiya resursları” (yəni innovasiyalar üçün əlverişli mühit, infrastruktur, ayrılan resurslar, qanunvericilik, insan kapitalı və elmi tədqiqatlar, biznes və s.) və “İnnovasiya nəticələri” (yəni innovasiyalar sahəsində faktiki uğurlar, yaradıcı fəaliyyətin nəticələri, bilik və texnologiyalar və s.) subindeksləri üzrə qruplara bölünür. Hesabatdan görsənir ki, Azərbaycanın əsas problemi “İnnovasiya nəticələri” bölməsi üzrə olub. Anlaşıqlı desək, Hesabatı hazırlayanların məntiqinə görə, Azərbaycanda innovasiyalara yetərincə resurslar ayrılıb, amma nəticə adekvat olmayıb.
Azərbaycan “İnnovativ nəticələr” üzrə ən aşağı yerlərdən birini, 110-cu yeri qazanıb.
Ötən günlər məlumat verilib ki, hökumətin tərkibində olan Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Qlobal İnnovasiyalar İndeksinə cavabdeh qurumların toplantısı keçirilib.
Toplantı barədə yayılan açıqlamada ölkəmizin bu hesabatda geriləməsi ilə bağlı hər hansı məlumat verilməyib.
Lakin açıqlanan məlumatdan görünür ki, hökumət də bu məsələdən narahatdır.
Xüsusən də, açıqlanan rəsmi məlumatda innovasiyaya qoyulan sərmayə ilə əldə olunun innovasiya nəticələri arasındakı kəskin fərqin səbəblərinin araşdırılmasına xüsusi diqqət yetiriləcəyi qeyd edilib”.
O.Gündüzün sözlərinə görə, Azərbaycanla bağlı göstəricilərin yaxşılaşdırılması üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin Matrisa layihəsi də hazırlanıb: “Bu Layihə İndeksin hər bir indikatorunun yaxşılaşdırılması və bu haqda beynəlxalq qurumlara məlumat göndərməsi üzrə məsul qurumların müəyyən edilməsini nəzərdə tutur. Matrisanın tam mətni açıqlanmayıb.
Son hesabatlarla bağlı proseslərdə diqqəti cəlb edən həm də odur ki, adətən irəliləmə olduqda bütün rəhbər qurumların birinci şəxsləri toplantılara qatılır, açıqlamalar verilirdi. Geriləmədə isə üzə çıxmaq istəyənlər çox az olur”.